Qazanmağı öyrəndik, bəs xərcləməyi necə?
Satış və marketinq üzrə mütəxəssis Hüseynov Abbasəli LinkedIn profilində maraqlı bir paylaşım edib. O, pul qazanmaqla yanaşı, onu necə xərcləmək məsələsinə diqqət çəkir və bunu müqəddəs Quran ayəsi və hədislər vasitəsilə izah edir.
Hər gün sosial şəbəkələrdə yeni satış strategiyaları, investisiya alətləri və gəlir artırma yolları paylaşılır. Hamımız daha çox qazanmağın yollarını öyrənirik. Amma qazandığımız pulu hara və necə xərcləyirik?
Abbasəli qeyd edir ki, Bəqərə surəsinin 215-ci ayəsi bizə ən doğru “investisiya portfelini” göstərir: xərclədiyiniz mal ata, ana, yaxınlar, yetimlər, yoxsullar və yolda qalmışlar üçün olsun. Şübhəsiz ki, Allah hər yaxşı işi bilir.
İqtisadi baxış: Pul bir yerdə qaldıqca iqtisadi dövriyyə dayanır. Hər sədəqə və paylaşım bazarda likvidliyi artırır. Peyğəmbərimizin (s) “Çox sədəqə verin ki, ruziniz artsın” kəlamı isə bunu təsdiqləyir.
Marketinq baxışı: Müasir dünyada ən güclü marketinq “Sosial Məsuliyyət”dir. Ürəkdən edilən xeyirxahlıq şəxsi və ya korporativ brendinizin insan simasını formalaşdırır. İnsanlar danışıqlara deyil, etdiyiniz əmələ sadiq qalırlar.
Sosial və mənəvi baxış: Əsl sosiallaşmaq kofe içmək deyil, eyni süfrəni paylaşmaqdır. Yardımlaşmaq etimadı bərpa edir, daxili hüzur və “faydalı olmaq” hissi bəxş edir ki, heç bir maddi qazanc bunu əvəz edə bilməz.
Qazanmaq imkandır, paylaşmaq isə sənətdir. Xüsusilə bu mübarək Ramazan ayında xərcləmə strategiyamızı yenidən nəzərdən keçirmək lazımdır. Cibimizdən çıxan deyil, paylaşdığımız mal həqiqətən bizimdir.

