Şahin Bağırov B2G Forumda iştirak edib

Şahin Bağırov B2G Forumda iştirak edib

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Caspian Energy Club-un birgə təşkilatçılığı ilə B2G (Biznesdən Dövlətə) forum keçirilib. B2G forum  Caspian Energy Club tərəfindən 20 ölkədə planlaşdırılan və Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev cənablarının 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində baş tutub.

Azərbaycanın iqtisadiyyatını təmsil edən bir çox neft və qeyri-neft sektorundan olan dövlət və özəl şirkətlərin  nümayəndələrinin qatıldığı forumda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov fəxri qonaq qismində iştirak edib. Bu barədə Caspian Energy Club-un İdarə Heyətinin sədri və qrupun Baş icraçı direktoru Telman Əliyev bildirib.

Telman Əliyev təmsil etdiyi qurumun fəaliyyətindən, Dövlət Gömrük Komitəsi ilə qurulan səmərəli və işgüzar əməkdaşlıqdan məmnunluqla bəhs edib.

Spiker qismində çıxış edən Şahin Bağırov iştirakçıları qurumun fəaliyyət istiqamətləri barədə məlumatlandırıb. Öz çıxışında Şahin Bağırov ölkədə aparılan gömrük siyasəti, Dövlət Gömrük Komitəsinin qarşısında duran əsas strateji hədəflər, gömrük tənzimlənməsi vasitələrinin tətbiqi, tətbiq olunan müvafiq gömrük ödənişləri haqqında iştirakçılara məlumat verib.

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bildirib ki, gömrük orqanlarının əsas hədəflərindən biri də gömrük-biznes arasında dayanıqlı dialoq platformasının qurulması, asan, şəffaf və rəqəmsal həllər hesabına xarici ticarət iştirtakçıları üçün münbit biznes şəraitinin yaradılmasıdır.

Sonra gömrük əməkdaşları tərəfindən “Gömrük İnkişaf Modeli”, “TransXəzər Gömrük Portalı”, “Avtomatlaşdırılmış Risk Analizi Sistemi” (ARAS), “Səlahiyyətli İqtisadi Operator” (SİO), “Smart-Bot” layihələrinə dair təqdimatlar nümayiş etdirilib.

Daha sonra Şahin Bağırov biznes subyektlərinin təkliflərini dinləyib, sahibkarları maraqlandıran sualları cavablandırıb.  

Caspian Energy Club-un İdarə Heyətinin sədri və qrupun Baş icraçı direktoru Telman Əliyev Şahin Bağırova klubun Fəxri Üzvlük Sertifikatını təqdim edib və dövlət qurumu ilə klub arasında açıq dialoq və əməkdaşlığın genişləndirilməsində yaradılan imkana görə ona təşəkkürünü bildirib.

Tədbir iştirakçıların qeyri-rəsmi ünsiyyət və layihələrin müzakirəsi üçün yaradılmış networking hissəsi ilə davam edib. Sonda Caspian Energy Club-a yeni üzv olan şirkətlərin nümayəndələrinə üzvlük sertifikatları təqdim edilib.

Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un Türkiyə, Gürcüstan,Özbəkistan, Qazaxıstan, Çexiya, Israil, Almaniya, Polşa, Slovakiya, BƏƏ-də rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Caspian Energy Club International 2023-cü ildə Caspian Energy Club-un beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində Caspian Energy Club International dünyanın 100 ölkəsində klubun fiziki ofislərini yaratmağı planlaşdırır. Caspian Energy Club International-ın əsas funksiyalarından biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.