Şanlı tariximizin şərəfli səhifəsi!

Şanlı tariximizin şərəfli səhifəsi!

XX əsrin 90-cı illərinin lap əvvəlində Sovet İttifaqında yaranmış ağır siyasi-iqtisadi vəziyyət  Azərbaycan xalqının tarixi ənənələrə əsaslanan müstəqillik ümidlərinin baş qaldırmasına şərait yaratdı. Xaqımızın tələbi və Ümummilli lideri Heydər Əliyevin təklifi ilə “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun ayının 30-da qəbul etdiyi Bəyannamə bu mübarizənin uğurlu nəticəsi oldi.

Məhz həmin Bəyannamə əsasında Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il 18 oktyabr tarixində Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitutsiya Aktını qəbul etdi. “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın 2-ci maddəsində təsbit edildi ki, Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. 1991-ci il oktyabrın 18-də müstəqillik haqqında Konstitusiya Aktının qəbulu ilə Ölkəmizin dövlət müstəqilliyinin bərpa edildiyi bütün dünyaya elan olundu.

Beləliklə, 1918-ci ilin 28 mayında elan edilmiş və Şərqdə ilk demokratik dövlət kimi qəbul edilən Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ənənələri üzərində dövlətçilik tariximizdə yeni müstəqillik dövrü başlandı. Tarix boyu ərazi bütövlüyü və varlığını canı-qanı bahasına qoruyan və bunu mübariz insanlarının hesabına inkişaf etdirən Azərbaycanın öz müstəqilliyini bərpa etməsi çox gərgin mübarizələrdən, 1990-ci il 20 Yanvar kimi qanlı faciədən keçib. Lakin tarixə nəzər saldıqda xalqımızın azadlıq və müstəqillik amalından dönmədiyini hər zaman görürük. O dövrü yaşayan insanlar kimi müstəqilliyimizin ilk illərinin elə də asan olmadığını, əksinə çox çətin olduğunu xatırlayırıq. Bir yandan keçmiş sovet imperiyasını qoruyub saxlamağa çalışan qüvvələrin təzyiqi, digər tərəfdən mənfur qonşumuz Ermənistanın tarixi torpaqlarımıza qarşı olan bədnam iddiaları, bu azmış kimi havadarlarının köməyindən istifadə edərək hərbi təcavüzü, ölkə daxilində olan hərc-mərcliyin, hakimiyyətdə olanların səriştəsizliyi və xəyanəti, vahid strateji xəttin olmaması, tarixi nemət olan müstəqilliyimizi hər an təhlükə qarşısında qoyur, sabitliyin bərqərar olmasına imkan vermirdi.  Həmin qısa, lakin təlatümlü dövrdə ard-arda hakimiyyətə gələn qüvvələrin səriştəsiz siyasəti nəticəsində ölkənin parçalanması və milli dövlətçiliyin süquta uğraması təhlükəsi yaranmışdı. Ölkəmiz vətəndaş müharibəsi astanasında idi. Belə bir ağır və mürəkkəb dövrdə xalqın təkidli tələbi ilə böyük siyasi təcrübəyə malik olan Ulu Öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışı dövlət müstəqilliyimizin qorunub saxlanmasına və möhkəmləndirilməsinə xidmət edən başlıca amil oldu. Məhz dahi şəxsiyyətin qayıdışından sonra ağır vəziyyətdə olan ölkənin problemləri zamanla, planlı şəkildə həll olunmağa başladı. Ayrı-ayrı yerli və xarici dairələrə, siyasi qruplaşmalara xidmət edən qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi.

Ölkə sözün əsl mənasında xaos vəziyyətindən əmin-amanlığa qədəm qoydu. Gözəl bilirik ki, bütün zamanlarda Ulu Öndər həmişə qədirbilən xalqımıza arxalanaraq onun tam dəstəyini alırdı. Əminliklə deyə bilərik ki, bu günki Azərbaycan məhz Ulu Öndər ideyalarının mükəmməl tablosudur. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Müzəffər Prezidentimiz cənab İlham Əliyevin düşünülmüş, məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində hazırda dövlətimiz dünya birliyində layiqli yerini tutub. Yerləşdiyi bölgədə geosiyasi mövqelərini möhkəmləndirən Azərbaycan böyük beynəlxalq nüfuz qazanmışdır. Yer Kürəsinin ən kiçik dövlətlərindən olsaq da Azərbaycan dünyanın ən böyük dövlətləri üçün nümunəyə çevrilib. Bizlər bu nümunəni dəfələrlə görmüşük, görürük və görəcəyik!. 

Şahin Məmmədov
Neftçala rayon sakini, Şəhid atası