Süni intellekt düşünür, bəs rəhbərlər nə edir?

Süni intellekt düşünür, bəs rəhbərlər nə edir?

Süni intellekt (AI) şirkətlərdə qərarların qəbulunda getdikcə daha böyük rol oynayır. Bu isə iş proseslərini sürətləndirsə də, rəhbərlərin müstəqil düşünmə və qərarvermə bacarıqlarını zəiflədə bilər.

Valyuta.az xəbər verir ki, bu barədə təşkilati transformasiya üzrə məsləhətçi Cenni Fernandes (Jenny Fernandez) və professor, təşkilati davranış üzrə mütəxəssis Karli Kuper (Carly Cooper) bildiriblər.

Məqalədə qeyd olunur ki, əvvəllər süni intellekt yalnız əməkdaşlara köməkçi vasitə kimi istifadə olunurdusa, artıq bir çox şirkətdə AI özü təşəbbüs göstərir, qərarlar hazırlayır, onları icra edir və nəticələri rəhbərliyə təqdim edir. Bu isə qərarvermə prosesində insanın rolunu getdikcə azaldır.

Müəlliflər bunun təhlükəsini izah etmək üçün proqram təminatı şirkətində çalışan satış direktoru Elenanın nümunəsini təqdim ediblər.

Belə ki, o, satış proqnozlarını hazırlamaq və müqavilələri prioritetləşdirmək üçün agent əsaslı AI sistemini tətbiq edib. Sistem üç illik daxili satış məlumatları əsasında öyrədildiyi üçün yüksək dəqiqlik nümayiş etdirib və rəhbərlik onun tövsiyələrinə tam etibar etməyə başlayıb.

Lakin altı ay sonra şirkət AI tərəfindən aşağı prioritetli hesab edilən üç iri korporativ müqaviləni itirib. Halbuki təcrübəli rəhbərlər həmin müştərilərlə şəxsi münasibətlərə və bazar təcrübəsinə əsaslanaraq bu imkanların əhəmiyyətini əvvəlcədən görə bilərdilər.

Məqalədə vurğulanır ki, problem AI-nin səhv etməsi deyil, insanların onun qərarlarını sorğulamadan qəbul etməsidir. Nəticədə rəhbərlərin strateji düşünməsi və müstəqil qərarvermə bacarıqları zəifləyir.

Müəlliflər bu yanaşmanın qarşısını almaq üçün psixoloq Albert Banduranın insanın fəaliyyət qabiliyyəti (human agency) nəzəriyyəsinə istinad edirlər. Onun fikrincə, effektiv qərarvermə dörd əsas xüsusiyyətə söykənir: məqsədyönlülük, qabaqcadan düşünmə, öz fəaliyyətini idarə etmə və özünü təhlil etmə. Nəzarətsiz istifadə olunan agent əsaslı AI isə məhz bu xüsusiyyətləri zəiflədir.

Ekspertlərin fikrincə, rəhbərlər AI-dən istifadə etməzdən əvvəl əvvəlcə öz yanaşmalarını və qərarlarını formalaşdırmalı, yalnız bundan sonra süni intellektin təkliflərini müqayisə etməlidirlər. Bu halda AI qərar verən deyil, qərarın qəbulunda köməkçi alət rolunu oynayacaq.

Onların qənaətinə görə, süni intellekt məhsuldarlığı artırsa da, təşkilatlarda liderliyin əsasını təşkil edən müstəqil düşüncə və strateji mühakiməni əvəz etməməlidir. Əks halda, şirkətlər sürətli qərarlar qəbul etsələr də, uzunmüddətli perspektivdə daha ciddi strateji səhvlərlə üzləşə bilərlər.