Tanınmış ictimai xadim Arzu Bağırovanın doğum günüdür

Tanınmış ictimai xadim Arzu Bağırovanın doğum günüdür

Bu gün tanınmış ictimai xadim, iş adamı. Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİM İB) sədri, müxtəlif mövzularda maarifləndirmə ilə bağlı bir çox sosial tədbirlərin təşkilatçısı, layihə rəhbəri Arzu Bağırovanın doğum günüdür.

Bağırova Arzu Zakir qızı 11 dekabr 1980 tarixində Sumqayıt şəhərində anadan olmuşdur. Orta təhsilinə Sumqayıtda başlamış, Masallı rayonunun Bədəlan kəndində bitirmişdir. Taras Şevçenko adına Kiyev Milli Universitetində Hüquq ixtisası üzrə bakalavr təhsilini bitirdikdən sonra həmin universitetdə Dövlət İdarəçiliyi ixtisası üzrə magistr dərəcəsi almışdır.

Arzu Bağırova 2005-ci ildən özəl sektorda fəaliyyət göstərir. Hazırda Gözəl Yaşam Mərkəzinin təsisçisidir. Arzu Bağırova şəhid, qazi ailələrinə, o cümlədən fiziki imkanları məhdud şəxslər, tənha, yaşlı, aztəminatlı ailələrə göstərdiyi aktiv fəaliyyəti ilə tanınır. O, onlarla gənc yazarın ilk kitablarını nəşr etməsinə və onlarla gənc rəssamların ilk sərgilərini, yaradıcılıq gecələrinin təşkil olunmasına öz töhfəsini vermişdir. Regionlarda yaşayan onlarla qadının ilk sahibkarlıq fəaliyyətinə başlamasına dəstək olmuşdur. Məktəblilər arasında kitab mütaliəsini artırmaq üçün region kitabxanalarına minlərlə kitab hədiyyə etmişdir. Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİM İB) sədridir.

2019-cu ildə RHİM sədri Azru Bağırovanın dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin əmədaşlığı çərçivəsində görmə imkanları məhdud insanların yaradıcılığının dəstəklənməsi və cəmiyyətə tanıdılması, onların gələcək uğurlara stimullaşdırılması məqsədilə həmin şəxslərin şeirlərindən ibarət "Zülməti dələn işıq" şeirlər antologiyası, "Vətən, Bayraq, Millət" kimi kitablar və kitab-albomları çap olunub.

Azru Bağırova məktəblilərin maarifləndirilməsi üçün aktiv fəaliyyət göstərir. Həmin ildə müxtəlif məktəblərdə "Milli Dirçəliş Günü", "Uşaqların vətənpərvərlik ruhunda böyüməsində aydınların rolu" kimi layihələrin keçirilməsinə dəstək olmuşdur. Onun təşəbbüsü ilə keçirilən "Evdə qal, kitab oxu" layihəsi çərçivəsində məktəblilərə minlərlə kitab bağışlanmışdır.

Azərbaycan Respublikasının Milli Məclisinin mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu kitablardan "Tarixə adını yazan qadınlar" (3 cildlik), "Addım-addım Yaponiya", "Səni Allaha eşq götürür" və digər kitabların çapını və təqdimatını Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB sədri Arzu Bağırova həyata keçirmişdir.

Arzu Bağırova qadın hüquqlarının müdafiəsi üzrə aktiv fəaliyyəti ilə seçilir. Onun dəstəyi ilə "Qadına qarşı zorakılığa, ailədaxili şiddətə YOX deyək" kimi layihər icra olunmuşdur.

Arzu Bağırovanın dəstəyi ilə təkrar nəşr olunan "Azərbaycan mətbəxində Dolmalar: 381 çeşid" kitabı Dünya Qurman Mükafatı Sərgisində ən yaxşı kulinariya kitabı adına layiq görülüb.

2021-ci ilin oktyabrında Abşeron rayonunda göstərdiyi fəaliyyətlərinə görə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən və Masallı rayonunda həyata keçirdiyi önəmli layihələrə görə Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən fəxri fərman ilə təltif edilib.