Toxum sərgi-satış yarmarkası keçirilib

Toxum sərgi-satış yarmarkası keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti toxum sərgi-satış yarmarkası Sabirabad rayonunda keçirilib.

Yarmarkada Sabirabad, Saatlı, Biləsuvar, İmişli, Salyan rayonlarının fermerləri iştirak ediblər. Toxum sərgi-satış yarmarkasında kənd təsərrüfatı təyinatlı məhsul və texnologiyalar və müxtəlif növ bitki sortlarının sertifikatlı toxumları nümayiş olunub.

Tədbirdə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov bildirib ki, kənd təsərrüfatının bütün sahələrində olduğu kimi, toxumçuluğun inkişafına da mühüm diqqət yetirilir. Həmçinin rayonda keçirilən toxum sərgi-satış yarmarkasının fermerlərə keyfiyyətli toxum almaq üçün böyük imkanlar yaratdığı vurğulanıb.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov qeyd edib ki, bu gün toxum istehsalında müasir innovasiyalardan istifadə olunur, müxtəlif iqlim şəraitinə uyğun toxum yetişdirilir. Ən əsası fermerlərə sərbəst seçim etmək imkanı yaradıldığı, regionlarda keçirilən yarmarkaların da bunlardan biri olduğu bildirilib.

Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva yarmarkaların müxtəlif regionlarda keçirilməsində əsas məqsədlərdən birinin toxum bazarını, o cümlədən yerli toxumçuluğu daha da inkişaf etdirməkdən ibarət olduğunu qeyd edib.

Tədbir çərçivəsində sərgi-nümayiş, toxum satışı ilə bərabər, toxum istehsalçıları üçün Toxumçuların Milli Forumu keçirilib.

Forumda “Azərbaycanda toxumçuluğun dayanıqlı inkişafı: çağırışlar, innovasiyalar və həllər” mövzusunda panel müzakirəsi olub.

Panel müzakirəsi zamanı Azərbaycan Toxumçular Assosiasiyası, Dövlət Toxum Fondu, Aqrar Xidmətlər Agentliyi, “Agrodairy” MMC, Əkinçilik, Tərəvəzçilik və Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat institutlarının mütəxəssisləri tərəfindən toxumçuluq istiqamətində müxtəlif mövzularda təqdimatlar edilib və müzakirələr aparılıb. Forumda 100-ə yaxın toxum istehsalçısı və şirkət nümayəndələri iştirak edib.

Forum zamanı Azərbaycan Toxumçular Assosiasiyası tərəfindən Assosiasiyaya üzv şirkətlərə üzvlük şəhadətnamələri təqdim edilib.

Növbəti toxum sərgi-satış yarmarkası Aqrar İnnovasiya Festivalı çərçivəsində Biləsuvar rayonunda keçiriləcək.