Turistlər bu tarixi abidəyə axın etdi: Göbeklitəpəyə rekord sayda turist GƏLDİ
Türkiyənin Şanlıurfa vilayətində yerləşən, təxminən 12 min illik tarixi ilə “tarixin sıfır nöqtəsi” adlandırılan və UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilən Göbeklitəpəni 2025-ci ildə 781 min nəfər ziyarət edib.
Korrekt.az Türkiyə mediasına istinadən xəbər verir ki, arxeoloji ərazi 2018-ci ildə ziyarətçilər üçün açıldıqda, qoruyucu örtükdə aparılan tikinti işlərinə baxmayaraq, həmin il 70 min turist qəbul edib. Prezident Rəcəb Tayyib Ərdoğanın 2019-cu ili “Göbeklitəpə ili” elan etməsindən sonra abidəyə beynəlxalq maraq artıb və həmin il turist sayı 412 min 378 nəfərə çatıb.
COVID-19 pandemiyası səbəbindən 2020-ci ildə turist axını azalıb və Göbeklitəpəni 197 min 912 nəfər ziyarət edib. 2021-ci ildə bu rəqəm 567 min 453-ə yüksəlib, 2022-ci ildə isə 850 min turist sayı ilə rekord göstərici qeydə alınıb.
2023-cü ildə Kahramanmaraş mərkəzli zəlzələlər və digər təbii fəlakətlərin təsiri nəticəsində turist sayı 317 min 253 nəfərə düşüb. Buna baxmayaraq, Göbeklitəpə Mədəniyyət və Turizm Nazirliyi üçün strateji əhəmiyyətini qoruyub saxlayıb və 2024-cü ildə 709 min 643 ziyarətçi ilə Türkiyədə ən çox ziyarət edilən arxeoloji məkanlar sırasında yer alıb.
Şanlıurfa Mədəniyyət və Turizm İdarəsinin direktoru Aslan AA-ya açıqlamasında bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi Stone Hills layihəsi ziyarətçi sayının artmasına mühüm töhfə verib. Onun sözlərinə görə, 2025-ci ildə Göbeklitəpə 781 min ziyarətçi qəbul edib və Karahantəpə ilə digər qazıntı sahələri də nəzərə alındıqda bölgəyə gələnlərin ümumi sayı 1 milyonu ötüb.
Direktor qeyd edib ki, 2026-cı il üçün əsas məqsəd 1 milyon ziyarətçi həddini aşmaqdır. TEKNOFEST-in həmin il Şanlıurfada keçirilməsinin bu hədəfə ciddi təkan verəcəyi bildirilir. O əlavə edib ki, son illərdə ziyarətçi sayında illik 20–25 faiz artım müşahidə olunur.
Məlumata görə, Göbeklitəpəyə gələn turistlərin coğrafiyası da genişlənir. Xüsusilə Uzaq Şərq, Avropa və Amerikadan gələn ziyarətçilərin sayında artım qeydə alınır ki, bu da regionun turizm potensialını daha da gücləndirir.

