Türkiyə-Azərbaycan İttifaqı - ŞƏRH
Qlobal arenada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın, səmimi, qardaşlıq və müttəfiqlik əlaqələrini dövlət siyasətinin ən ali səviyyəsinə qaldıran ikinci bir nümunə tapmaq demək olar ki, qeyri-mümkündür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu günlərdə Şuşa Qlobal Media Forumunda iki qardaş ölkə arasındakı münasibətlərə toxunaraq bəyan etmişdir ki, Türkiyə və Azərbaycan xalqları dünyanın ən yaxın və bir-birinə bağlı olan cəmiyyətləridir.
Siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdəki əməkdaşlığın yüksək səviyyəsi hər iki dövlətin gücünü dəfələrlə artırır və bu sarsılmaz birlik regional sabitliyin, təhlükəsizliyin ən böyük təminatçısı kimi çıxış edir. Şuşada imzalanmış tarixi Şuşa Bəyannaməsi bu münasibətləri rəsmi olaraq müttəfiqlik səviyyəsinə ucaltmışdır.
Dövlətimizin başçısı bəyan etmişdir ki, biz təkcə qardaş deyilik, biz həm də hərbi-siyasi müttəfiqik və tərəflərdən hər hansı birinə qarşı kənardan təhlükə yarandığı təqdirdə, digər tərəf bütün potensialı, o cümlədən öz ordusu və hərbi gücü ilə qardaşının müdafiəsinə qalxacaqdır. Dünyada eyni dildə danışıb bir-biri ilə münaqişə aparan ölkələrin fonunda, Türkiyə və Azərbaycanın nümayiş etdirdiyi bu nümunəvi inteqrasiya və qardaşlıq modeli bütün qonşu dövlətlər tərəfindən öyrənilməli və beynəlxalq münasibətlər sistemində əsas meyar kimi tətbiq edilməlidir.
Gülnarə Qasımova
Neftçala rayonu


