“Vecon Consulting” illik hesabatını açıqladı - Qiymətləndirmə şirkəti ili necə başa vurub?
“Vecon Consulting” şirkəti qiymətləndirmə sektorunun lider şirkəti olaraq ənənəsini davam etdirərək fəaliyyəti barədə 2025-ci ilin nəticələrini əks etdirən illik hesabatını açıqlayıb. Bu hesabat şirkət tərəfindən artıq 4-cü ildir ki, davamlı şəkildə ictimaiyyətə təqdim olunur və maliyyə hesabatlılığı ilə şəffaf fəaliyyətin nümunəsi kimi şirkətin obyektivlik ənənəsini formalaşdırır.
Şirkətin təsisçisi Vüqar Oruc Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri kimi 2022-ci ilin may ayında keçirilən 7-ci hesabat-seçki konfransında ilk dəfə sədr seçilərkən elan etdiyi hədəflərə — “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni Qanunun qəbulu, Azərbaycan qiymətləndiricilərinin inzibati tənzimləmə qurumu olan Qiymətləndiricilər Palatasının yaradılması, Türk dövlətləri qiymətləndiricilərinin birliyinin təsis edilməsi istiqamətində 2023 və 2024-cü illərdə əldə olunan uğurları 2025-ci ildə də davam etdirib. Eyni zamanda, “Vecon Consulting” şirkətinin böyüməsinə və sektorun lider şirkəti mövqeyini möhkəmləndirməsinə komandası ilə birlikdə nail olub. Vüqar Oruc sektora göstərdiyi xidmətlərə və qiymətləndirmə fəaliyyətinə verdiyi töhfələrə görə 2025-ci ildə ikinci dəfə AQC-nin İdarə Heyətinin sədri seçilib.
“Vecon Consulting” şirkətində 2025-ci ildə iş portfeli 2024-cü illə müqayisədə 40,8 faiz artıb. Belə ki, qiymətləndirilən mənzillərin sayı 806-dan 770-ə, fərdi yaşayış evlərinin sayı 389-dan 329-a düşüb. Torpaq sahələrinin sayı 226-dan 1200-ə yüksəlib. Texnika və digər daşınar əmlak üzrə qiymətləndirmələr 147-dən 156-ya, biznes və müəssisələrin sayı 15-dən 17-yə, hava və su nəqliyyat vasitələrinin sayı isə 7-dən 9-a çatıb. Qiymətləndirilən mal qalıqları və əsas vəsaitlərin sayında 24 faiz artım qeydə alınıb. Qeyri-yaşayış binaları və əmlak kompleksləri üzrə göstəricilər də artıb — 262-dən 300-ə yüksəlib. Ümumilikdə qiymətləndirmə obyektlərinin sayı 1853-dən 2768-ə çatıb. Şirkətin dövriyyəsi 40,8 faiz artıb, xərclər 64,2 faiz, mənfəət isə 11 faiz yüksəlib.
Hesabat dövründə “Vecon Consulting” şirkətində işçilərin sayı 10 faiz artıb. Eyni zamanda, əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm nəticələr əldə olunub. Şirkətin 6 mütəxəssisi Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ixtisas imtahanlarında uğurlu nəticə göstərərək 8 istiqamət üzrə ümumilikdə 13 şəhadətnamə əldə edib. Peşəkarlığın artırılması məqsədilə keçirilən kurslarda isə 5 əməkdaş 8 sertifikatla təltif olunub.
Şirkətin partnyor şəbəkəsində də ciddi artım qeydə alınıb. 2024-cü illə müqayisədə 2025-ci ildə yeni müştərilərin sayı 32 faiz artıb. Ölkədə fəaliyyət göstərən bankların 17-si, yəni 74 faizi şirkətin partnyorudur və “Vecon Consulting” tərəfindən hazırlanan qiymətləndirmə hesabatları bütün banklar tərəfindən qəbul edilir. Xarici partnyorların sayı 3-dür. Rusiyanın Beynəlxalq Qiymətləndirmə Mərkəzi və Türkiyənin tanınmış EVA Gayrimenkul Degerleme şirkətindən sonra Ukraynanın UVEKON şirkəti ilə də əməkdaşlığa başlanılıb.
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə müraciətlərdə mənzil sifarişlərinin sayı 5,4 faiz artıb, fərdi yaşayış evləri üzrə sifarişlərin sayı isə 11 faiz azalıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə müraciətlərin sayında isə ötən ildə olduğu kimi 12 faiz azalma qeydə alınıb.
“Vecon Consulting”in daimi partnyorlarının təkrar müraciətlərinin sayında 45 faiz artım müşahidə olunub.
Şirkətin regional nümayəndəliklərinin sayı 15-dən 17-yə yüksəlib və “Vecon Consulting” Azərbaycanın bölgələrinin 100 faizində təmsilçilik hüququnu qoruyub saxlayır. Hazırda digər qiymətləndirmə şirkətləri də bu nümayəndəliklərin xidmətlərindən istifadə edir ki, bu da ölkənin qiymətləndirmə sektorunda yeganə faktoloji göstəricidir.
Qiymətləndirmə şirkətləri arasında peşə risklərinin sığortalanmasını həyata keçirən ilk şirkətlərdən biri olan “Vecon Consulting” 2025-ci ildə 1,5 milyon manat məbləğində sığorta təminatını saxlayıb. Hesabat dövründə şirkətin fəaliyyəti ilə bağlı hər hansı məhkəmə müraciəti olmadığından bu təminatdan istifadə edilməyib.
Şirkət daşınar və daşınmaz əmlakın, eləcə də inşaat materiallarının qiymət təhlili sahəsində də fərqlənib. İl ərzində şirkətin mütəxəssisləri tərəfindən 24 analitik qiymətləndirmə təhlili və 1167 rəy ictimaiyyətə təqdim olunub. Bunlardan 13-ü ödənişli əsaslarla tanınmış iqtisadi portallarda yayımlanıb. Hesabatlar paytaxt və regionlar daxil olmaqla 6 fəaliyyət sahəsini əhatə edib.
Bundan əlavə, “Vecon Consulting” sayım və inventarizasiya istiqaməti üzrə xidmət portfelini genişləndirib, 2025-ci ildə kommunikasiya imkanlarını və peşəkar fəaliyyət üçün zəruri olan texniki vasitələrin sayını artırıb.
Qeyd edək ki, “Vecon Consulting” qiymətləndirmə şirkəti 2010-cu ildən fəaliyyət göstərir. Şirkət Bakı şəhərində və Azərbaycan Respublikasının regionlarında minlərlə daşınmaz əmlak obyekti, avadanlıq, texnika və nəqliyyat vasitələri, həmçinin hava və su nəqliyyat nümunələrinin beynəlxalq standartlara uyğun şəkildə qiymətləndirilməsi üzrə ixtisaslaşıb.
“Vecon Consulting” JSC International Valuation Centre, EVA Gayrimenkul Degerleme və UVEKON şirkətlərinin Azərbaycandakı rəsmi partnyorudur. Şirkət Mərkəzi Bankın, Azərbaycan Respublikası Kredit Zəmanəti və İpoteka Fondunun, eləcə də Aqrar Kredit və İnkişaf Agentliyinin müvəkkil təşkilatıdır. Eyni zamanda, “Vecon Consulting” MMC Azərbaycan Milli Sahibkarlar Konfederasiyasının və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin kollektiv üzvüdür.
Şirkətin təsisçisi və direktoru Vüqar Oruc Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidenti və tanınmış iqtisadçı ekspertdir.

