Yeni mühitdə niyə yuxumuz qaçır?

Yeni mühitdə niyə yuxumuz qaçır?

Yaponiyanın Naqoya Universitetinin alimləri müəyyən ediblər ki, tanımadığımız mühitdə yuxuya getməkdə çətinlik çəkməyimiz diqqəti qoruyan xüsusi neyronların aktivliyinin artması ilə bağlıdır.

Oxu.Az xəbər verir ki, tədqiqatın nəticələri "Proceedings of the National Academy of Sciences" jurnalında dərc olunub.

Məlumata görə, yeni mühitdə beyin əvvəlcə təhlükəsizliyi qiymətləndirir və heç bir risk olmadığına əmin olana qədər oyaq qalmağa çalışır.

Tədqiqat göstərib ki, bu neyronlar genişlənmiş amigdalada yerləşir və emosional reaksiyaların formalaşmasında iştirak edir. Tanımadığı mühitdə həmin neyronlar substantia nigra bölgəsinə təsir göstərən neyropeptid neyrotenzin ifraz edir. Siçanlar üzərində aparılan təcrübələr zamanı bu neyronlar zəiflədildikdə yuxuya getmə sürətlənib, aktivləşdirildikdə isə uzun müddət oyaqlıq müşahidə olunub.

Alimlər hesab edirlər ki, insanlarda da oxşar mexanizm mövcuddur və bu hal "ilk gecə effekti"ni izah edir. Tanımadığımız yerdə yuxu daha səthi olur, çünki beyin potensial təhlükələri qiymətləndirməyə davam edir.

Tədqiqatçılar qeyd edirlər ki, neyrotenzin yoluna təsir edən dərmanlar yeni mühitə uyğunlaşmanı asanlaşdıra və yuxu keyfiyyətini yaxşılaşdıra bilər.