Addım - addım ölümə yaxınlaşırdıq...

Addım - addım ölümə yaxınlaşırdıq...

20 Yanvar 1990 -cı il

1990-cı ildə Mənim 4, qardaşımın 6 yaşı vardı. 35 il bundan öncə baş vermiş faciə sanki bu gün olub gözümün önündədir hər şey. Axşam binamızın qabağından keçən rus tanklarına qardaşımla baxırdıq.

Gecə yatanda gülələr balkonumuza tökülürdü deyə yol tərəfdən kənarda qonaq otağında yerdə yatdıq. Anam səhərə qədər dua edirdi Biz isə qardaşımla anlamırdıq.

Atam səhərə yaxın evə çox təlaşlı gəlmişdi. İlk dəfə idi onun üzündə bu cür təlaş görürdüm. Cibindən güllə gilizləri çıxardı. Xəstəxanaya çatdırdıqları insanlardan danışırdı. Əmimgilin “Salyanski Kazarma”nın yanında olduğunu və orda ağır atışmanın getdiyini bildirirdi. 21 yanvar səhər tezdən atam əmimgilə gedəcəyini bildirdi. Anam əsla onu tək buraxmayacağını bildirdi. Çölə çıxma məhdudiyyəti vardı.

Bizi yolda saxlayıb postda atamı maşından endirib üstünü yoxladılar, sonra buraxdılar. Biz əmimgilə doğru getdikcə güllə səsləri gəlirdi. Biz bilmədən atışma üzərinə gedirdik.

Qısacası öz maşınımızla addım - addım ölümə yaxınlaşırdıq. Həyatımda 3-4 dəfə ölümlə burun-burana gəlmişəm. Bu ilki idi. Salyanski kazarma tərəfdə yolun bağlı olması atamın yolda maşını çevirib əks istiqamətə ani döndərməsin unutmuram. Bütün maneələrə baxmayaraq Biz əmimgilə digər yolla olsa da gəldik.

Atam sağ salamatçılıq olduğunu görüb rahatlaşmışdı. Sonra atamla əmimin şəhid dəfnlərinə getdiyini xatırlayıram. Ulu Öndərin TV çıxışın xatırlayıram.

Babamla izləmişdik. Babamın cümləsin unutmuram: “Bu kişi burda olsaydı bu millətə bunu heç kim edə bilməzdi”.

Bu gün fəxrlə bildirmək istəyirəm: “Allahdan Şəhidlərimizə Rəhmət diləyirəm! Ruhunuz şad olsun Azərbaycan müstəqilliyi üçün verdiyiniz canınız, qanınız yerdə qalmadı”! Bu günün Azərbaycanını heç kim əzə bilməz.

44 günlük Vətən müharibəsində Biz gücümüzü dünyaya göstərdik. Azərbaycan ordusu dünyanın hesablaşdığı, saygı duyduğu ordulardandır. İgidlər Ölməz, Vətən Bölünməz!

Azərbaycan Françayzinq Assosiasiyasının (AFA) İdarə Heyətinin sədri Camid Mövsümov