“ABAD”çılar Yapon sənətkarlığı ilə yaxından tanış oldular

“ABAD”çılar Yapon sənətkarlığı ilə yaxından tanış oldular

Məşhur sənətkar Mami Takahaşi Yaponiyasevərlər və “ABAD”çılar üçün Yaponiyanın ənənəvi sənət texnikalarının təqdimatını keçirib.

Tədbir “ABAD” publik hüquqi şəxs və Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə 7 Saylı Bakı “ASAN Xidmət” Mərkəzində 17 noyabr 2023-cü il tarixində baş tutub. Tədbirin məqsədi ənənəvi sənətkarlığın təbliği və populyarlaşdırılması, sənətkarlıq üfüqlərinin genişləndirilməsi və təcrübə mübadiləsidir.

Tədbiri “ABAD” publik hüquqi şəxsin direktoru cənab Rüfət Elçiyev və Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Cuniçi Vada açıq elan ediblər. Daha sonra xanım Takahaşi ənənəvi Yaponiya sənətləri – Kintsugi və Mokuhanga sənətləri üzrə təqdimat və master-klasını keçirib.

Tədbir zamanı yapon sənətlərinin tarixi və fəlsəfəsi haqqında da geniş məlumat verilib. Qeyd edilib ki, Kintsugi sənəti qırılmış əşyaların, keramika qablarının qızıl tozundan istifadə edərək birləşdirilməsi və əvvəlkindən daha gözəl hala gətirilməsi sənətidir. Bu sənət növü qüsurların mükəmməlliyini kəşf etmək, qırılmanın əslində bir son deyil, yenidən mövcud olma, yeni həyata bir başlanğıc ola biləcəyini göstərir.

Mokuhanqa isə ənənəvi yapon taxta blok çapı sənəti olub, su əsaslı xüsusi boyalardan istifadə olunan ksiloqrafiya sənətidir. Bu, eyni zamanda məşhur yapon qravür sənəti “Ukiyo”nun da əsasında duran incəsənət növüdür. Qərb dünyasında istifadə olunan taxta blok çapından fərqli olaraq, yağlı boyalardan deyil, məhz su əsaslı təbii boyalardan istifadə olunur və çoxsaylı rəng seçimi vardır.

Tədbir sual-cavab sessiyasi ilə yekunlaşıb.