"AI sənayesinin özünü doğrultması üçün 3 trilyon dollar lazımdır"
Süni intellekt infrastrukturuna yatırılan vəsait rekord həddə çatır.
"Sekvoya Kapital" (Sequoia Capital) investisiya fondunun tərəfdaşı Devid Kan (David Cahn) hesab edir ki, 2026-cı ildə AI infrastrukturuna çəkilən xərclər 1,5 trilyon dollara çatacaq.
Onun hesablamalarına görə, bu investisiyaların özünü doğrultması üçün AI sənayesinin ümumilikdə 3 trilyon dollar gəlir əldə etməsi lazımdır.
Kan bildirir ki, yaddaş çiplərinin və məlumat mərkəzlərinin tikinti xərclərinin artması bu rəqəmi daha da yüksəldə bilər.
Hazırda "Antropik" (Anthropic) şirkətinin illik təkrarlanan gəliri (ARR) təxminən 60 milyard dollar, "OpenAI"-nin isə 2025-ci il gəliri 13 milyard dollar olub. Bu isə tələb olunan gəlirlə mövcud göstəricilər arasında hələ də böyük fərqin olduğunu göstərir.
"Apollon Qlobal Menecment" (Apollo Global Management) şirkətinin baş iqtisadçısı Torsten Slok (Torsten Slok) xəbərdarlıq edib ki, şirkətlərin daha ucuz və açıq mənbəli AI modellərinə üstünlük verməsi, həmçinin token qiymətlərinin ucuzlaşması böyük texnologiya şirkətlərinin gəlirlərinə mənfi təsir göstərə bilər.
Slokun fikrincə, əgər "Google", "Microsoft", "Amazon" və "Meta" gözlənilən gəlir artımına nail ola bilməsələr, bu, təkcə AI sektoruna deyil, ABŞ iqtisadiyyatına və S&P 500 indeksinə də mənfi təsir göstərə bilər.
Valyuta.az


