Almaniya ilə 77 sənədin imzalanması ikitərəfli əməkdaşlığın inkişafından xəbər verir - ŞƏRH

Almaniya ilə 77 sənədin imzalanması ikitərəfli əməkdaşlığın inkişafından xəbər verir

Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli münasibətlər hər ötən gün inkişaf və tərəqqi etməkdədir.

Azərbaycanın dünya birliyindəki nüfuzunun getdikcə artması artıq bütün sahələrdə özünü açıq şəkildə büruzə verir. Xüsusilə qeyd edilməlidir ki, Ermənistan üzərindəki tarixi Qələbədən sonra ölkəmizin reytinqi sürətlə yüksəlmişdir. İşğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işləri, həmçinin dünyanın bir sıra ölkələrinin bu işdə Azərbaycana dəstək verməsi bir daha “Qarabağ Azərbaycandır!” reallığının qəbul edilməsindən xəbər verir.

Bu günlərdə Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin ölkəmizə səfəri və səfər çərçivəsində mətbuata verdiyi bəyanatda “Qarabağ Azərbaycandır, bu, rəsmi Berlinin birbaşa və aydın mövqeyidir” deməsi Azərbaycanın ərazi bütövlüyünün qəbul edilməsinin məntiqi nəticəsidir. Bu gün Azərbaycan və Almaniya arasında davamlı siyasi dialoq mövcuddur, iqtisadiyyat və humanitar sahələrində geniş əməkdaşlıq həyata keçirilir. Qeyd edək ki, iki ölkə arasında münasibətlərin əsası 1992-ci il yanvarın 12- də qoyulub. Həmin vaxt Almaniya Azərbaycanın müstəqilliyini tanımış və bir ay sonra iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur. Hər iki ölkədə səfirliklər fəaliyyətə başladıqdan sonra Azərbaycan və Almaniya arasında davamlı siyasi dialoq, iqtisadiyyat və humanitar sahələrində geniş əməkdaşlıq həyata keçirilmişdir.

Dövlət başçılarının qarşılıqlı səfərləri bu əməkdaşlığı daha da möhkəmləndirmişdir. İki ölkə arasında indiyə qədər 77 sənədin imzalanması ikitərəfli əməkdaşlığın inkişafından xəbər verir. Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu, Almaniya Bundestaqında isə Azərbaycanı da əhatə edən Almaniya-Cənubi Qafqaz parlament qrupu fəaliyyət göstərir. Almaniya Prezidentinin bu səfəri iki ölkə arasında münasibətlərin daha da yaxşılaşacağından xəbər verir. Müzəffər Prezidentimiz cənab İlham Əliyev əminliklə bildirdi ki, bu səfər iki ölkə arasındakı əlaqələrə yeni müsbət təkan verəcəkdir.

Dövlətimizin başçısı diqqətə çatdırdı ki, həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlarda Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafı müzakirə edilmişdir. Məlumdur ki, bərpaolunan enerji sahəsində Almaniya şirkətlərinin çox böyük təcrübəsi var. Bu sahədə Azərbaycanın da çox böyük proqramı və planlarının olduğunu hər birimiz bilirik. Dövlət başçılarının mətbuata verdikləri bəyanatlardan da görünür ki, hər iki ölkə mövcud əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlıdırlar. Bu, həm də onunla əsaslandırıla bilər ki, hər iki ölkə mövcud olan potensiallarından maksimum faydalanmaq niyyətindədir. 

Səidə Rzayeva;
Neftçala rayonu