400 000 hektar əkin ərazisi sığortalanıb

400 000 hektar əkin ərazisi sığortalanıb

Aqrar Sığorta Fondu sistemin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı bölgələrdə tədbirlər keçirir. Xaçmaz rayonunda keçirilən təbirdə Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən icra, bələdiyyə nümayəndələri, fermerlər, sığorta şirkətləri və Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları iştirak ediblər. 

Yerlərdə fermerlərin aqrar sığorta ilə bağlı maarifləndirilməsi, sığorta  müraciətlərinin vaxtında edilməsi istiqamətində birgə fəaliyyətin təşkili əsas müzakirə mövzusu olub. Tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Anar Oruclu rayonda aqrar sahədə mövcud vəziyyət, ənənəvi sahələrdən olan meyvəçilik, tərəvəzçilik, kartofçuluq və üzümçülüyün inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, kənd təsərrüfatı məhsullarının risklərə qarşı müdafiəsi istehsalın davamlılığını təmin edən əsas amildir. Anar Oruclu fermerlərin gəlirlərini qorumaq məqsədilə aqrar sığorta xidmətlərindən istifadə etməsinin vacib olduğunu diqqətə çatdırıb.

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib ki, fondun fəaliyyət göstərdiyi qısa müddət ərzində aqrar sığorta sistemi ölkənin 95%-ni əhatə edib. Kənd təsərrüfatı sahəsində çalışan bütün fermerlər bu sistemin xidmətlərindən istifadə edə bilər. Dövlət fermerləri subsidiyalarla daim dəstəkləyir. Aqrar sığorta mexanizmi bu dəstəyin davamıdır. Fermerlərin bu xidmətlərdən istifadə edə bilməsi üçün hesablanmış sığorta haqqının 50 faizi dövlət büdcəsi hesabına ödənilir. Bunu əsas gətirən fond sədri fermerləri sığorta xidmətindən faydalanmağa və məhsullarını qorumağa çağırıb.

Hazırda Aqrar Sığorta Fondu tərəfindən 400 000 hektar əkin ərazisi sığortalanıb. İlin əvvəlindən sığorta hadisələri barədə 700-dən çox müraciət daxil olub. Hazırda Fondun müstəqil ekspertləri zərərlərin qiymətləndirilməsi məqsədilə bölgələrdə səfərdədirlər. Qiymətləndirmə işi yekunlaşandan sonra sığortalı fermerlərimizə dəymiş zərərlər tam şəkildə ödəniləcək.

Tədbirdə fermerləri maraqlandıran suallar cavablandırılıb. Bölgələrdə aqrar sığorta ilə bağlı maarifləndirmə tədbirlərinin bundan sonra da davam etdiriləcəyi bildirilib. Sonda Xudat rayonunda yerləşən nümunəvi meyvə bağına aqrar sığorta ekspertinin iştirakı ilə baxış keçirilib.