AQTİ-də təlim keçirilir - FOTOLAR
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) texniki dəstəyi ilə həyata keçirilən “Daha yaxşı qidalanma və daha təhlükəsiz qida üçün qida istehlakı məlumatları bazası” pilot layihəsi çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) təlim keçirilir. 5-7 may tarixlərini əhatə edən təlimin əsas məqsədi ölkədə həyata keçiriləcək pilot qida istehlakı sorğusunun beynəlxalq metodologiyalara uyğun şəkildə aparılması üçün müvafiq əməkdaşların nəzəri və praktiki biliklərinin artırılmasıdır.
İnstitutun İdarə Heyətinin sədr müavini Ramazan Nəbiyev çıxışında layihənin əhəmiyyətini vurğulayaraq, təlimin və ümumilikdə təşəbbüsün uğurlu nəticələr verəcəyinə inandığını bildirib. O, həmçinin gələcəkdə də FAO ilə səmərəli əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edib.
FAO-nun Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin Tərəfdaşlıq Proqramı üzrə rəhbəri Aynur Seyidyusif və FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin nümayəndəsi Meri Kenni çıxışlarında layihənin yekununda ölkə üzrə qida istehlakı məlumatları bazasının yaradılması istiqamətində mühüm nəticələrin əldə olunacağına ümidvar olduqlarını bildiriblər.
Qeyd edək ki, təlim çərçivəsində iştirakçılara respondentlərlə effektiv kommunikasiya qurulması, qida istehlakı məlumatlarının dəqiq və əhatəli şəkildə toplanması, beynəlxalq sorğu metodologiyalarının tətbiqi, eləcə də praktiki müsahibə texnikaları barədə geniş məlumat təqdim olunur.



