"Mercedes" elektrik avtomobilləri üçün yeni üsul hazırlayır
Almaniyanın Mercedes-Benz şirkəti elektrik avtomobillərində istifadə olunan batareya sistemini dəyişdirərək onların daha yüngül və istehsal baxımından daha ucuz olmasına imkan verə biləcək yeni texnologiya üzərində işləyir.
BusinessTime-ın xəbərinə görə, yeni sistemin əsas xüsusiyyəti avtomobilin elektrik sistemində 800 voltluq sabit gərginliyin qorunmasıdır. Batareyanın enerjisi azaldıqca gərginliyin də aşağı düşməsi ənənəvi elektrik avtomobillərində əsas problemlərdən biridir. Bu isə akkumulyator boşaldıqca avtomobilin gücünün azalmasına səbəb ola bilər.
Mercedes-Benz bunun qarşısını almaq üçün fərqli yanaşma təklif edir. Ənənəvi sistemdə olduğu kimi bir böyük enerji çeviricisindən istifadə etmək əvəzinə, batareyanın ayrı-ayrı elementlərinə və ya element qruplarına çoxsaylı kiçik çeviricilər qoşulur.
Bu çeviricilər birlikdə işləyərək elektrik enerjisinin çıxışını tənzimləyir və batareyanın doluluq səviyyəsindən asılı olmayaraq sistemdə 800 voltluq gərginliyin qorunmasına imkan verir. Beləliklə, batareyanın ayrı-ayrı elementlərində yaranan zəifləmələrin bütün sistemin fəaliyyətinə təsiri də azala bilər.
Yeni texnologiyanın digər mühüm üstünlüyü isə bu çeviricilərin şarj cihazının funksiyasını da yerinə yetirə bilməsidir.
Hazırda elektrik avtomobillərində evdəki elektrik şəbəkəsindən gələn dəyişən cərəyanı batareyanın qəbul etdiyi sabit cərəyana çevirən ayrıca şarj bloku istifadə olunur. Mercedes-in yeni sistemində bu funksiyanın kiçik çeviricilərə ötürülməsi mümkün olarsa, ayrıca şarj qurğusuna ehtiyac qalmayacaq.
Nəticədə avtomobilin kapotu altında əlavə yer yarana, ümumi çəki azala və istehsal xərcləri aşağı düşə bilər.
Mercedes-Benz-in hazırladığı texnologiya uğurla tətbiq olunarsa, gələcək elektrik avtomobillərində həm çəki və xərcin azaldılması, həm də batareya enerjisi azaldıqca avtomobilin gücünün daha sabit saxlanılması baxımından mühüm üstünlüklər yarada bilər.
M.Sadiq.


