BƏƏ 2027-ci ildə 7–8 faiz iqtisadi artıma nail olacağına ümid edir

BƏƏ-nin iqtisadiyyat və turizm naziri 2027-ci ildə 7–8 faiz iqtisadi artıma nikbin yanaşdıqlarını bildirib. BVF ölkə üzrə 2026-cı il proqnozunu resessiyadan 0,2 faiz artıma dəyişib.

BƏƏ 2027-ci ildə 7–8 faiz iqtisadi artıma nail olacağına ümid edir
Foto: CNBC

BƏƏ-nin iqtisadiyyat və turizm naziri Abdulla bin Touq Al Marri ölkə iqtisadiyyatının 2027-ci ildə 7–8 faiz artacağına nikbin yanaşdığını bildirib. Bu barədə BusinessTime CNBC-yə istinadən xəbər verir.

Beynəlxalq Valyuta Fondu (BVF) ötən həftə BƏƏ-nin real ümumi daxili məhsulu üzrə 2026-cı il proqnozunu yeniləyib. Fond bir ay əvvəl iqtisadiyyatın 3,9 faiz daralacağını gözləsə də, son proqnozunda 0,2 faiz artım nəzərdə tutur. Nazir isə cari ildə artımın 0,2 faizdən yüksək olacağını gözləyir.

Al Marrinin sözlərinə görə, turizm sektorunda canlanma başlayıb və yerləşmə obyektlərində doluluq səviyyəsi demək olar ki, əvvəlki göstəricilərə qayıdıb. O, "British Airways" və "Air France" daxil olmaqla beynəlxalq aviaşirkətlərin uçuşlarını BƏƏ-yə yönləndirdiyini də bildirib.

İranla müharibə BƏƏ-də iqtisadi fəaliyyətə təsir göstərib. Tehranın raket və pilotsuz uçuş aparatları ilə hücumları, eləcə də dəniz daşımalarındakı fasilələr enerji ticarəti, turizm və aviasiyaya mənfi təsir edib. Özəl sektorun iqtisadiyyata inamı da zəifləyib.

Nazir münaqişədən sonra ölkənin iqtisadi modelinin dəyişəcəyini, 2027-ci ildə investisiyaların zavodlara və böhran zamanı ehtiyac duyulan sahələrə yönələcəyini deyib. Dünya Bankı oktyabrda BƏƏ iqtisadiyyatının gələn il bərpa olunacağını proqnozlaşdırıb. Bank bu prosesin İranla müharibənin müddətindən və intensivliyindən asılı olduğunu vurğulayıb.