ABŞ startapı Hindistanda "Apple"dan 15 milyard rupi təzminat tələb edir

"GG Technologies" "Apple"ın "NameDrop" funksiyasının patentini pozduğunu iddia edir. Startap Hindistanda 15 milyard rupi təzminat və funksiyanın istifadəsinə məhdudiyyət tələb edir.

ABŞ startapı Hindistanda "Apple"dan 15 milyard rupi təzminat tələb edir
Foto: TechCrunch

ABŞ-da fəaliyyət göstərən "GG Technologies" startapı oktyabrda Hindistanda "Apple"a qarşı patent iddiası qaldıraraq 15 milyard rupi təzminat tələb edib. Bu barədə BusinessTime "TechCrunch"a istinadən xəbər verir.

Tələb olunan məbləğ təxminən 161,86 milyon ABŞ dollarına bərabərdir. Startap iddia edir ki, "Apple"ın cihazları bir-birinə yaxınlaşdırmaqla əlaqə məlumatlarını paylaşmağa imkan verən "NameDrop" funksiyası onun patentini pozur.

"GG Technologies" Bombay Ali Məhkəməsinə təqdim etdiyi 781 səhifəlik iddiada funksiyanın istifadəsinin məhdudlaşdırılmasını istəyir. Şirkət həmçinin "NameDrop" əvvəlcədən quraşdırılmış "iPhone" və "Apple Watch" cihazlarının Hindistanda satışına və idxalına məhdudiyyət qoyulmasını tələb edir. İş üzrə dinləmə hələ təyin olunmayıb.

Startapın oxşar məqsədlə hazırladığı "StayTouch" tətbiqi 2019-cu ildə istifadəyə verilib. Şirkət texnologiyanın patentləşdirilməsi üçün Hindistanda 2021-ci ildə müraciət edib və 2024-cü ilin iyulunda patent alıb. "Apple" isə "NameDrop" funksiyasını 2023-cü ilin iyununda "iOS 17" sisteminin bir hissəsi kimi təqdim edib.

"GG Technologies"in məlumatına görə, Hindistanda iddiadan əvvəl aprel ayında başlanmış vasitəçilik prosesi sentyabrda nəticəsiz başa çatıb. Startap aprel ayında oxşar patent iddiaları ilə ABŞ-da da "Apple"ı məhkəməyə verib. ABŞ Beynəlxalq Ticarət Komissiyası şirkətin şikayəti əsasında avqustda araşdırmaya başlayıb.

"Apple" şərh sorğusuna cavab verməyib. Hindistan şirkət üçün həm böyüyən istehlak bazarı, həm də Çindən kənarda mühüm istehsal mərkəzidir. Ölkədə smartfon tədarükünün 10 faizindən azı "iPhone"ların payına düşür.