Ambulator dərmanların icbari tibbi sığorta ilə təminatına başlanacaq
Azərbaycanda gələn ilin aprelindən ambulator dərmanların icbari tibbi sığorta hesabına təmin edilməsi planlaşdırılır. İlkin mərhələdə yüksək arterial təzyiqin müalicəsi üçün 26 adda dərman nəzərdə tutulur.
Azərbaycanda gələn ilin aprelindən ambulator müalicə üçün dərmanların icbari tibbi sığorta hesabına təmin edilməsi planlaşdırılır. Bu barədə BusinessTime "Report"a istinadən xəbər verir.
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev bu barədə "Dövlət biznes əməkdaşlıq forumu"nda danışıb. Onun sözlərinə görə, ilkin mərhələdə arterial hipertenziyanın müalicəsi üçün 26 adda dərmanın xidmətlər zərfi çərçivəsində təqdim edilməsi nəzərdə tutulur.
Ramin Rzayev bildirib ki, hazırda vətəndaşlar icbari tibbi sığorta hesabına stasionar tibbi xidmət zamanı istifadə olunan dərman və tibbi sərfiyyat materialları ilə təmin edilirlər. Ambulator şəraitdə reseptlə təyin edilən dərmanları isə öz vəsaitləri hesabına alırlar.
Agentlik sədrinin sözlərinə görə, yeni mexanizmin funksional, qanunvericilik və normativ tərəfləri hazırlanıb. Müvafiq layihələr təsdiqə göndərilib və onların yaxın günlərdə təsdiqlənəcəyi ehtimal olunur.
Dərman təminatı üçün özəl təşkilatların və apteklərin də sistemə qoşulması nəzərdə tutulur. Onlar elektron reseptlə təyin olunan dərmanların təminatında iştirak edəcəklər. Bununla bağlı texniki tapşırıqlar hazırlanaraq Səhiyyə Nazirliyinə və aidiyyəti strukturlara ötürülür.


