Antifriz, yoxsa Tosol? - Fərq nədir və hansını seçmək lazımdır?

Antifriz, yoxsa Tosol?

Antifriz və Tosol arasında fərq nədir, hansı daha yaxşıdır və onları bir-birinə qarışdırmaq olarmı? Bu suallar avtomobil sahibləri arasında hələ də müzakirə mövzusudur.

BusinessTime-ın xəbərinə görə, əslində, məsələ düşündüyümüz qədər mürəkkəb deyil. Antifriz aşağı temperaturda donmayan və mühərrikin soyutma sistemində istifadə olunan mayelərin ümumi adıdır. Onun əsas tərkib hissəsini etilenqlikol və ya propilenqlikol, su və müxtəlif qoruyucu əlavələr təşkil edir.

Tosol isə antifrizin konkret növlərindən biridir. Bu maye 1971-ci ildə SSRİ-də hazırlanıb və ilk növbədə o dövrün VAZ avtomobilləri üçün nəzərdə tutulub. “Tosol” adı “üzvi sintez texnologiyası” ifadəsindən və spirt sözünün qısaldılmış formasından yaranıb.

Sadə dillə desək: hər Tosol antifrizdir, amma hər antifriz Tosol deyil.

Seçim zamanı avtomobilin yaşı və mühərrikin konstruksiyası da nəzərə alınmalıdır. Köhnə avtomobillərdə, xüsusilə çuqun mühərrik bloku və mis radiatorlu modellərdə silikat əsaslı soyuducu mayelər uyğun ola bilər. Bu tip əlavələr metal səthdə qoruyucu təbəqə yaradaraq korroziyanın qarşısını almağa kömək edir.

Müasir avtomobillərdə isə, xüsusilə alüminium mühərrik bloku və radiatora malik modellərdə, G12 və G13 kimi müasir antifrizlər daha geniş istifadə olunur. Onların tərkibindəki üzvi əlavələr alüminium hissələri qorumaqla yanaşı, soyutma sisteminin səmərəli işləməsinə imkan verir.

Bununla belə, yalnız mayenin rənginə baxaraq seçim etmək düzgün deyil. Qırmızı, yaşıl və ya mavi rəng antifrizin standartını müəyyən etmir. Əsas məsələ avtomobil istehsalçısının tələb etdiyi spesifikasiyaya uyğun məhsul seçməkdir.

Antifrizləri bir-birinə qarışdırmaq da məsləhət görülmür. Müxtəlif texnologiyalarla hazırlanmış mayelərin qarışdırılması onların qoruyucu xüsusiyyətlərini azalda və soyutma sistemində problemlər yarada bilər.

Nəticə olaraq, “Tosol yaxşıdır, yoxsa antifriz?” sualının universal cavabı yoxdur. Ən doğru seçim avtomobilin istehsalçısının tövsiyə etdiyi soyuducu mayedən istifadə etməkdir. Avtomobil köhnədirsə, Tosol uyğun ola bilər, lakin müasir avtomobillərdə istehsalçının müəyyən etdiyi antifriz standartına üstünlük verilməlidir.

M.Sadiq