"Apple" iOS 27.3 yeniləməsində "Siri" və "Safari" üçün yeni funksiyalar hazırlayır

"Apple"ın sınaq mərhələsində olan iOS 27.3 yeniləməsi "Siri", "Health" və "Safari"yə dəyişikliklər gətirəcək. Yeniləmənin dekabrdan əvvəl ümumi istifadəyə verilməsi gözlənilmir.

"Apple" iOS 27.3 yeniləməsində "Siri" və "Safari" üçün yeni funksiyalar hazırlayır
Foto: Engadget

"Apple" iOS 27.3 yeniləməsinin ilk tərtibatçı sınaq versiyasını təqdim edib və onun dekabrdan əvvəl ümumi istifadəyə verilməsi gözlənilmir. Bu barədə BusinessTime "Engadget"ə istinadən xəbər verir.

Yeniləmə "Siri"nin tətbiqlərlə işləmək imkanlarını genişləndirir. Köməkçi vasitəsilə "Apple Music"də yeni musiqi siyahısı yaratmaq, "iMessage" mesajının göndərilməsini planlaşdırmaq və ya şəkli döndərmək mümkün olacaq. Üçüncü tərəf tətbiqləri ilə daha geniş inteqrasiya isə hələ eksperimental mərhələdədir. "Apple"ın məlumatına görə, "Siri AI"ni tam dəstəkləyən tətbiqlərin "App Store"da yerləşdirilməsinə 2027-ci ilin yazınadək icazə verilməyəcək. Yeniləmədə türk, vyetnam, norveç və ənənəvi Çin dili də əlavə olunacaq.

"Health" tətbiqinin yenilənmiş dizaynı üç bölmədən ibarətdir: Insights, Longevity və Browse. Insights istifadəçinin aktivliyi, addımları, ürək döyüntüsü və yuxusu barədə məlumatları göstərir. "Apple Intelligence"dən istifadə edən bu bölmə yalnız "iPhone 15 Pro" və daha yeni modellərdə işləyir. Longevity isə sağlamlıq göstəricilərinin ümumi görünüşünü təqdim edir.

"Safari" brauzerinə şaquli vərəqlər və uyğunlaşan qaranlıq rejim əlavə olunur. Sonuncu funksiya öz qaranlıq rejimi olmayan bəzi veb-səhifələrin görünüşünü dəyişir. "iPhone Duo"da isə interfeysi ekranın kənarına sürüşdürməklə cihazdan bir əllə istifadə asanlaşdırılır.

Sınaq versiyası "Apple Watch Series 12" və "Ultra 4" saatlarında "Audio Intelligence" funksiyalarını da aktivləşdirir. Live Rewind son 15 saniyədə deyilənlərin mətnini göstərir. İstifadəçinin seçdiyi vaxt və məkanlarda söhbətlərin əsas məqamlarını ümumiləşdirən Siri Recap isə könüllü aktivləşdirilir. Xülasələr saxlanılmadıqda bir həftədən sonra avtomatik silinir.