Assosiasiya ilə MÜSİAD arasında əməkdaşlıq imkanları müzakirə edilib
Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli ilə görüşüb.
Görüşdə Assosiasiya ilə MÜSİAD arasında aqrar sahədə əməkdaşlıq imkanları, fəaliyyətlər və iş birliklərinin edilməsi haqqında müzakirələr aparılıb.
Assosiasiya sədri Mədinə Əliyeva rəhbər olduğu qurumun fəaliyyəti ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Toxumçular Assosiasiyasının əsas məqsədi ölkə ərazisində fəaliyyət göstərən toxum istehsalçılarını birləşdirmək və toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsindən ibarətdir. Bununla yanaşı İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrini özündə birləşdirən ECOSA təşkilatına ilk dəfə Azərbaycandan Toxumçular Assosiasiyası üzv olaraq qəbul edilib. Belə ki, ECOSA-ya üzv olan ölkələr kənd təsərrüfatının bütün sahələrində istehsalın iqtisadi cəhətdən səmərəli şəkildə həyata keçirilməsində, müasir texnologiyadan istifadə, yüksək və keyfiyyətli toxumların əldə olunmasında, regional və beynəlxalq təşkilatlarla əlaqələrin qurulmasında böyük rol oynayırlar.
MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli iki qurum arasında birgə layihələrin keçirilməsini, aqrar sahənin daha da inkişafına töhfə verəcəyini qeyd edib.
Rəşad Cabirli xatırladıb ki, ötən il Bakıda MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə Qida və Kənd Təsərrüfatı Forumu keçirilib. Türkiyədən 50-ə yaxın iş adamının iştirak etdiyi forumda, investorlar Azərbaycanda, fəaliyyət sahələrinə uyğun sahibkarlarla görüşüb bu sektorda ölkəyə investisiya imkanlarının artırılmasını müzakirə ediblər. Bununla yanaşı bu ilin noyabr ayında MÜSİAD - 2024 EXPO İstanbulda keçiriləcək.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.