Kənd təsərrüfatı peyk məlumatları ilə idarə olunacaq

Kənd təsərrüfatı peyk məlumatları ilə idarə olunacaq

Azərbaycanda peyk məlumatlarını yerüstü müşahidələr və meteoroloji məlumatlarla inteqrasiya etməklə fermerlərə kənd təsərrüfatı əməliyyatlarının idarə edilməsində vaxtında və effektiv seçim etmək imkanı verən qərar qəbulu üçün dəstək mexanizmləri hazırlana bilər.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firidun Tağıyev Bakıda keçirilən "İqlim dəyişikliyinə kosmosdan baxış" tədbirində çıxışında deyib.

Nazirliyin rəsmisi qeyd edib ki, peyk monitorinqi dəqiq kənd təsərrüfatı (əkinçilik) təcrübələrinin həyata keçirilməsini asanlaşdırır, resurs səmərəliliyini optimallaşdırır. Həmçinin gübrələrin, pestisidlərin və suvarmanın tətbiqini dəqiq şəkildə hədəfləməklə tullantıları minimuma endirə, ətraf mühitə təsirləri azalda və iqlim dəyişikliyi qarşısında kənd təsərrüfatı sistemlərinin dayanıqlılığını artıra bilərik.

Onun sözlərinə görə, Azərbaycanda peyk şəkilləri və uzaqdan zondlama üsulları vasitəsilə torpaqdan istifadədə dəyişiklikləri xəritələyə, məhsul növlərini müəyyən edə və zamanla məhsulun sağlamlığına nəzarət oluna bilər: "Bu məlumat fermerlər və digər maraqlı tərəflər üçün əvəzolunmazdır. Çünki o, bizə riskləri azaltmaq və dəyişən ətraf mühit şəraitinə uyğunlaşmaq üçün əsaslandırılmış qərarlar qəbul etməyə kömək edir. Məsələn, peyk əsaslı erkən xəbərdarlıq sistemləri fermerləri quraqlıq, zərərvericilərin yayılması və ya ekstremal hava hadisələri kimi potensial təhlükələr barədə xəbərdar edə bilər ki, bu da onlara məhsullarını və dolanışıq vasitələrini qorumaq üçün qabaqlayıcı tədbirlər görməyə imkan verir".