Avropanı gözləyən demensiya təhlükəsi: Xəstə sayı 20 milyona yaxınlaşır
2050-ci ilə qədər Avropada demensiya xəstələrinin sayı təxminən iki dəfə artacaq.
Oxu.Az xəbər verir ki, Alzheymer xəstəliyinin araşdırılması üzrə Avropa təşkilatı ("Alzheimer Europe") yeni hesabatında bu barədə məlumat verib.
Ekspertlərin hesablamalarına görə, 2025-ci ildə Avropa İttifaqının 27 ölkəsində 9 milyondan çox insan demensiyadan əziyyət çəkirdisə, digər Avropa ölkələrini də daxil etsək, bu rəqəm 12 milyonu ötürdü. 2050-ci ilə qədər bu say müvafiq olaraq 14.3 milyon (Aİ-dən kənar ölkələr üçün təxminən 19.9 milyon) nəfərə çatacaq. Beləliklə, demensiya xəstələrinin sayı Avropada bütövlükdə 64% artacaq.
Kişilər arasında demensiyanın yayılma nisbəti 70 yaşdan yuxarı bütün yaş qruplarında, xüsusən 70-74 yaş arası olanlarda daha yüksəkdir. Qadınlarda isə rəqəmlər nisbətən qarışıqdır.
Qurumun rəyinə görə, xəstələrin sayında gözlənilən artım təcili tədbirlərin görülməsini zəruri edir. Bu tədbirlər diaqnozdan tutmuş ömrünün sonuna qədər bütün mərhələlərdə demensiya xəstələrinə qayğı göstərə biləcək səhiyyə və sosial dəstək sistemlərinin inkişafını əhatə edir.
Demensiya yaddaşın, düşüncənin, özünü aydın ifadə etmək qabiliyyətinin və məkanda naviqasiya bacarığının tədricən pisləşməsi ilə xarakterizə olunan sindromdur və qocalmanın təbii hissəsi deyil. Hazırda onun əsas səbəbi beyin zədələnməsi hesab olunur ki, bu da zədələr, xəstəliklər və zəhərli zülalların yığılması nəticəsində yaranır.

