Aysel Fərziyevanın təqdimatında yeni TV layihə

Aysel Fərziyevanın təqdimatında yeni TV layihə

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Real Təhlil İnformasiya Mərkəzi “Realda qida” adlı birgə TV layihənin icrasına başlayıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, “Realda qida” ölkədə qida zəncirinin bütün mərhələlərində qida məhsullarının təhlükəsizliyi, eyni zamanda baytarlıq və fitosanitar sahələrdə aparılan işlər, istehlakçıların hüquqlarının müdafiəsində dövlət nəzarətinin təşkili, ictimai nəzarət və s. istiqamətlər üzrə maarifləndirmə və məlumatlılıq səviyyəsinin artırılması məqsədi daşıyır.

Layihə çərçivəsində hazırlanan verilişin martın 29-da yayımlanan ilk buraxılışında müasir dünyada sənayenin sürətli və dinamik inkişafı fonunda qidaların real vəziyyəti, bu sahədə görülən işlər və istehlakçıları maraqlandıran əsas mövzulara toxunulub. Həmçinin “Yağ istehlakında işlər yağ kimi gedirmi?”, “Kolbasaya karton vurulur: mif, yoxsa həqiqət?”, “Mətbəxdə qida təhlükəsizliyi qaydaları” və digər mövzularda hazırlanmış araşdırma və maarifləndirici süjetlər, eyni zamanda “Real rejimdə”, “Realda necədir?” və “İstehlakçı bilməlidir” kimi rubrikalar tamaşaçılara təqdim olunub.

Qeyd edək ki, verilişin növbəti buraxılışlarında da qida təhlükəsizliyi sahəsində aktual mövzular gündəmdə saxlanılacaq. “Realda qida” hər həftənin çərşənbə axşamı saat 15:20-də (təkrarı saat 22:30-da) “Real TV”də yayımlanacaq.

Qeyd edək ki, veriliş aparıcısı tanınmış jurnalist, AQTA-nın mətbuat katibi Aysel Fərziyevadır.

BusinessTime