Azərbaycan dilinin dünəni, bu günü, sabahı!

Azərbaycan dilinin dünəni, bu günü, sabahı!

Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü hər il ölkəmizdə və dünyanın dörd bir yanında yaşayan azərbaycanlılar tərəfindən qürurla qeyd edilir.  Ulu Öndər tərəfindən 2001-ci il 9 avqust tarixli Fərmanla təsis edilmiş əlamətdar gün xalqımızın şərəf tarixinin bir hissəsidir.

Bu Fərman latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alınaraq imzalanmışdır. Hamıya məlumdur ki, Sovetlər dövründə yaranmış süni əngəllərə rəğmən sarsılmaz təməlləri olan Azərbaycan dili mövcudluğunu nəinki qoruya bildi, əksinə inkişaf etdi. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində müstəqil Dilçilik İnstitutunun yaradılması dilçiliyimizin bir elm kimi inkişafına ciddi təkan verdi. Bütün bu proseslər isə öz təbii inkişafını Azərbaycan xalqının böyük oğlu, Ulu Öndər Heydər Əliyevin hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə qazanmağa başladı. 1978-ci il aprelin 2-də doqquzuncu çağırış Ali Sovetin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Ümummilli liderin təkidi ilə 73-cü maddəni yeni dəyişikliklə vermək qərara alınır.

Məhz bu dəyişiklik Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirir. Böyük əngəl və çətinliklərə baxmayaraq, Dahi şəxsiyyətin bu qətiyyətli addımı mənəvi varlığımızın əsası sayılan dilimizin inkişafında böyük addım oldu. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Müstəqil Azərbaycanın Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha geniş çərçivədə həyata keçirilməyə başlanılmışdır. Azərbaycan dilinin dövrün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir. Qəbul edilmiş Qanunlar, verilmiş qərarlar dilimizin mənfi təsirlərdən qorunmasına, inkişaf etdiriliməsinə xidmət etmişdir.

Bu gün Ana dilimizin qorunması, inkişaf etdirilməsi istiqamətində Ulu Öndər siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən  tarixi addımlar atılır. Möhtərəm Prezident dilimzin bütün zənginliklərini öz çıxış və nitqlərində ən mükəmməl səviyyədə nümayiş etdirir. Bu gün Qalib ölkənin Qalib Lideri ilk növbədə dilimizin zənginliklərini qoruyub onu inkişaf etdirməklə biz vətəndaşlara nümunə göstərir. Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər, Fərman və Sərəncamlar  ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. 

Süsən Qənbərova;
Neftçala rayonu