Yeni ilin uğurlu olsun Vətən!
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın tarixində ilk dəfə idi ki, bu səviyyədə ruh yüksəkliyi, qürur hissi ilə keçirilirdi. Xalqın hər bir fərdinin gözündə gülən sevinc, əsl bayram ovqatı baxdıqca qəlbləri riqqətə gətirirdi. 2023-cü il dünyada “Azərbaycan ili”, ilin adamı İlham Əliyev oldu desəm, qəti yanılmaram. Yanılmaram, ona görə ki 2020-ci ildə dünyanın baxış nöqtəsinin ekvatoruna çevrilən Azərbaycan 2023-cü ildə öz hərbi gücünü, siyasi qüdrətini bütün dünyaya bir daha sübut etdi və diqqətləri yenə öz üzərinə çəkdi. Bu, ali bir səbəbin nəticəsi idi.
44 günlük Zəfər savaşımızda şəhidlərimizin canı, qazilərimizin qanı, Ali Baş Komandanımızın qətiyyəti sayəsində düşmənin acı məğlubiyyəti ilə, dövlətimizin qələbəsi ilə 28 illik işğal tarixinə son qoyulan zaman düşmən kapitulyasiya aktına imza atmışdı. Cəbhə bölgəsində olduğu kimi, özünün alçaldıcı məğlubiyyəti ilə danışıqlar masasında da barışan məkrli düşmən üzərinə öhdəliklər götürmüşdü. Danışıqların şərtlərinə heç bir vəchlə əməl etmək istəməyən mənfurlar, müxtəlif bəhanələr gətirərək götürdükləri öhdəliklərdən yayınırdılar.
Qarabağın dağlıq hissəsində əbədi, əzəli torpaqlarımızda revanşist qüvvələrin terrorçuluq aktları törətmələri xalq olaraq, ölkə olaraq səbir kasamızı daşdırdı. Belə şəraitdə Cənab Ali Baş Komandanımızın əmri ilə Azərbaycan ordusu lokal antiterror əməliyyatlarına başladı. Bu antiterror əməliyyatlarında Azərbaycan ordusunun gücü bir daha ortaya çıxdı. 24 saatdan az müddətdə separatçı qüvvələr diz çökdülər, aman dilədilər. Azərbaycan rəhbərliyi bu dəfə də humanizm prinsipinə sadiq qalaraq təslim olanlara rəhm elədi. Vaxtilə burada müvəqqəti məskunlaşmış erməni ailələrinin təhlükəsiz şəkildə torpaqlarımızı tərk etməsinə şərait yaradıldı. Xankəndindən köçən ermənilər hətta özləri Azərbaycan dövlətinin bu insani münasibəti qarşısında utandıqlarını danışıqları ilə büruzə verirdilər.
Bəli, Azərbaycan budur. Bu, Azərbaycanın həqiqi simasıdır. Dünyaya ədalətin varlığını sübut edən ölkəmin varlığı qürurumuz, bəxtiyarlığımızdır. Bu bəxtyarlığı xalq olaraq çox gözləmişdik. Son iki yüz ildə itirə-itirə gəlmişdik. Azərbaycan tarixində son iki yüz ildə ilk dəfə Zəfərin şirinliyini daddıq. Təbii ki, bu zəfərdə şəhidlərimizin, qazilərimizin rolu ölçüyəgəlməz dərəcədədir. Ancaq bu da bir həqiqətdir ki, qələbəmizin təmin olunmasında bir şəriksiz qəhrəman da var ki, o, Azərbaycanımızın rəhbəri cənab İlham Əliyevdir. Məhz onun səbri, əzmi, qətiyyəti dünyanın ikili standart ortaya qoyan super gücləri qarşısında davam gətirə bildi. Cənab Ali Baş Komandan 2023-cü ildə 31 dekabrda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xalqa etdiyi müraciətində çox maraqlı məqamlara toxundu. Onun qeyd etdiyi kimi, Dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır. Həqiqətən də, hansı xalq istəməz ki, xoşbəxt yaşasın? Bu gün biz xoşbəxtik, çünki bu gün Azərbaycan dünya səhnəsində öz rolunu sənətkarlıqla ifa edir. Artıq Azərbaycanın qüdrəti, qüvvəti bir çox ölkələrə bəllidir. Azərbaycanın bugünkü yüksəlişi dostları sevindirdiyi qədər, düşmənləri məyus edir. Cənab Prezidentimizin də dediyi kimi, bu gün qərbdə ikili standart hökm sürür. Ermənistanın havadarları erməniləri yalan vədlərlə havalandırmaqdadırlar. Ancaq Ali Baş Komandanımızın dəmir yumruğu da yerindədir. Xalqımız Vətən müharibəsi ərəfəsindəki kimi o dəmir yumruğun ətrafında sıx birləşməli, düşmənə, düşmənimizin havadarlarına imkan verməməlidir ki, içimizə zərrə qədər şübhə toxumu əkə bilsin. Artıq xalq hər həqiqəti aydın bilirik.
Cənab Prezidentimizin vurğuladığı kimi: “Azərbaycan xalqı bunu yaxşı bilir və eyni zamanda, yaxşı bilir ki, biz bütün təzyiqlərə, bütün hədə-qorxulara, əsassız ittihamlara baxmayaraq bildiyimizi edəcəyik. Ermənistan rəhbərliyi də bu tarixi dərslərdən nəticə çıxarmalıdır və özünü elə aparmalıdır ki, bizim qəzəbimizə tuş gəlməsin. Ölkə rəhbərimizin bu məğrur, bu müzəffər çıxışı bir azərbaycanlı olaraq, məndə gələcəyə inam yaradır. İnanıram ki, biz bizə keçmişdən gələn kimi deyil, biz gələcəyə indidən əvəzolunmaz, gözəl töhfələr bəxş edəcəyik. Qüdrətli Azərbaycan cənab İlham Əliyevin siyasi iradəsinin, vətəndaş sevgisinin, ali idarəçiliyinin bu günə, gələcəyə töhfəsidir. Azərbaycan inamlı liderimizin sağlam əməli fəaliyyəti, çevik düşüncəsi sayəsində 2024-cü ildə yeni-yeni uğurlara imza atacaq. Mən buna əminəm. Və bunu əminliklə də deyirəm.Gözün aydın, Azərbaycan, yeni ilin uğurlu olsun, Vətən!, Sən hər zaman Qalibsən!.
Elnur Uğur Abdiyev;
Neftçala rayonu, yazar-müəllim