“Azərbaycan Sənaye Sığorta” zərərdən mənfəətə keçib
“Azərbaycan Sənaye Sığorta” ASC 2026-cı ilin ilk yarısını 537,4 min manat xalis mənfəətlə başa vurub. Bu, illik müqayisədə mənfəətə keçid deməkdir. Halbuki, 2025-ci ilin eyni dövründə bu göstərici 670,2 min manat zərər təşkil edib.
BusinessTime bu barədə ASS-nin yarımillik hesabatına istinadən xəbər verir.
Hesabat dövründə şirkətin ümumi gəlirləri 18,2 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28% artım deməkdir. Ümumi xərclər isə 17,6 milyon manata çatıb və illik müqayisədə 18% artıb.
Şirkətin qeyri-həyat sığortası üzrə hesablanmış sığorta haqları 14,7 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 11% azdır. Sığorta ödənişləri isə 8,9 milyon manata yüksələrək 50% artıb. Portfeldə ən yüksək ödəniş 6,7 milyon manatla daşınmaz əmlakın yanğın və digər risklərdən sığortası üzrə qeydə alınıb, bu sinifdə zərərlilik əmsalı 108,8% olub. Avtonəqliyyat vasitələrinin sığortası üzrə ödənişlər 1,3 milyon manat, zərərlilik əmsalı isə 54,4% təşkil edib.
2026-cı il iyunun 30-na “Azərbaycan Sənaye Sığorta”nın investisiya portfelinin həcmi 28,4 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 milyon manat və ya 5% çoxdur. Portfelin əsas hissəsini 16,1 milyon manat dövlət istiqrazları və 12 milyon manat depozitlər təşkil edib. İnvestisiya fəaliyyətindən əldə olunan xalis gəlir isə 1,5 milyon manata yüksələrək illik müqayisədə 21% artıb.
Xatırladaq ki, ASC 2008-ci ildə yaradılıb, 1996-cı ildən sığorta bazarına daxil olmuş “Cİ Sığorta” MMC-nin hüquqi varisidir. Onun nizamanmə kapitalı 11 milyon manatdır. Şirkətin səhmlərinin 95%-i “Anadolu İnvestment Company” MMC-yə, 5%-i isə “Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.


