Azərbaycanın şimal dəmir yolu yenilənir: 8 şirkət yarışa qoşulub

Azərbaycanın şimal dəmir yolu yenilənir:

Biləcəri–Yalama dəmir yolu sahəsinin modernləşdirilməsi istiqamətində mühüm mərhələ başa çatıb.

BusinessTime bildirir ki, nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Plat.az-a açıqlamasında bildirib ki, 2026-cı il iyulun 22-də Azərbaycan Dəmir Yolları (ADY) tərəfindən Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Biləcəri–Yalama Dəmir Yolu Sahəsinin Elektrikləşdirmə, Siqnalizasiya və Telekommunikasiya İşlərinin Layihələndirilməsi və Tikintisi” tenderi üzrə təkliflərin qəbulu başa çatıb.

"Tenderdə ümumilikdə 8 iddiaçı iştirak edib. Türkiyədən isə  “Gülermak Ağır Sanayi – NW”, "Elsitel Elektromekanik – TEG” və “Yapı Merkezi – Uğursal Elektrik” birgə müəssisələr təklif təqdim edib",-ekspert əlavə edib.

Layihə çərçivəsində 25 kV AC elektrikləşdirmə sisteminin qurulması, dartma yarımstansiyaları və SCADA sisteminin yaradılması nəzərdə tutulur.

"Bununla yanaşı, müasir siqnalizasiya və Mərkəzləşdirilmiş Hərəkətin İdarəetmə (CTC) sistemi tətbiq ediləcək, fiber-optik telekommunikasiya şəbəkəsi çəkiləcək. Bütün sistemlər sınaqdan keçirildikdən sonra istismara veriləcək".

Ekspert qeyd edib ki, layihə Biləcəri–Yalama xəttinin ötürücülük qabiliyyətini, hərəkətin təhlükəsizliyini və etibarlılığını artıracaq.

Eyni zamanda, Azərbaycanın Şimal–Cənub və Orta Dəhliz üzrə beynəlxalq yükdaşımalarında dəmir yolunun rəqabət qabiliyyətinin yüksəlməsinə və rəqəmsal idarəetmənin genişlənməsinə töhfə verəcək.