Azərbaycanda bizneslərin "ömrü" niyə belə qısa olur? - AÇIQLAMA
Azərbaycanda son illər çoxlu müəssisələr açılsa da, bağlanan müəssisələrin də sayı az deyil. Aparılan təhlillər əsasında bunun səbəblərini aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Biznes qərarlarının təqlid əsasında verilməsi. İstər kənd təsərrüfatında, istər digər sahələrdə insanlar təəssüf ki, daha çox başqalarının uğur qazandığı biznesləri açmaq qərarına verirlər.
2. Araşdırma aparmadan qərar verilməsi. Rəqibi tanımadan və müştəri ehtiyacını ölçmədən "mən bacararam" özünəinamı ilə işə başlamaq. Azərbaycanda "Copy-Paste" biznes modeli bazarın sürətlə doymasına və hamının zərər etməsinə səbəb olur.
3. İnhisarlaşma və "Böyük balıq" effekti. İri holdinqlərin və supermarket şəbəkələrinin genişlənməsi kiçik mağaza və xidmət nöqtələrini qiymət rəqabətində sıradan çıxarır.
4. Yanlış məkan seçimi. Müştəri profilini analiz etmədən, sadəcə "gediş-gəlişli yerdir" deyib bahalı icarəyə girmək ən böyük səhvlərdən biridir.
5. Qanunvericilik kasadlığı. Gömrük, vergi, təhlükəsizlik və lisenziya qaydalarını işin ortasında öyrənmək ağır cərimələrə və fəaliyyətin dayandırılmasına yol açır.
6. Sahə təcrübəsizliyi. İnsanlar heç vaxt təcrübəsi olmayan sahədə biznesə girirlər və biznesi öyrənmə prosesi ciddi səhvlərə və ağır bədəllərə yol açır.
7. Kadr seçmədən işə başlamaq. Peşəkar kadr çatışmazlığı və kadr axını xidmət keyfiyyətini aşağı salır. Biznesi sistem deyil, şəxslər idarə edəndə həmin şəxs getdikdə biznes də çökür.
8. Xərclərin düzgün proqnozlaşdırılmaması. Logistika xərclərinin artımı və gözlənilməz inzibati xərclər sahibkarın büdcəsini qısa müddətdə bitirir.
9. Bahalı borclar. Bankların biznes kreditləri üzrə effektiv faiz dərəcələri çox vaxt biznesin real mənfəət marjasını üstələyir. Sahibkar qazandığını inkişafa deyil, bank faizinə verir.
10. Fərqli dəyər yaratmamaq. Təklif olunan mallar və xidmətlərin rəqiblərdən fərqlənməyən, konkret üstünlüklərlə cavab verə bilməyən bizneslər bazarda "boz kütlə" içində itir.
Uğursuz bizneslər təəssüf ki, hələ də biznes qərarlarının doğru verilməsinə kifayət etmir. Bu halda ciddi maariflənmə və ya təcrübədən faydalanma optimal çıxış yoludur.
Elxan Mikayılov
"ASR Development Consulting Group" MMC-nin baş direktoru

