Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb
Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı 2026-cı ilin iyul ayında artıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) statistik bülletenində yer alan məlumatlara əsasən, iyulun sonuna bank sistemi və “Azərpoçt” MMC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı 22,785 milyon ədəd təşkil edib.
AMB-nin məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 8,9% artıb.
Ödəniş kartlarının strukturunda da dəyişiklik qeydə alınıb. Belə ki, debet kartlarının sayı 10,5% artdığı halda, kredit kartlarının sayı 4,6% azalıb.
İlin əvvəlindən ölkə daxilində nağdsız əməliyyatların həcmi də artıb. AMB-nin məlumatına görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 13,9% yüksəlib.
2026-cı ilin iyulunda kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin ümumi həcmi 9,712 milyard manat olub.
Bu məbləğin 8,455 milyard manatı elektron ticarətin, 1,255 milyard manatı POS-terminalların, 2 milyon manatı isə özünəxidmət terminalları və bankomatlar vasitəsilə aparılan əməliyyatların payına düşüb.
İlin əvvəlindən ödəniş kartlarından istifadə edilməklə həyata keçirilən nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi ölkədaxili kart əməliyyatlarının 69,8%-ni təşkil edib.


