Azərbaycanda real sektora kredit qoyuluşları 13%-ə yaxın artıb
2026-cı il avqustun 1-nə Azərbaycanda banklar və qeyri-bank kredit təşkilatları tərəfindən real sektora kredit qoyuluşlarının həcmi 34 milyard 155 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3 milyard 897 milyon manat və ya 12,9% artıb.
Kredit portfelinin ən böyük hissəsi ev təsərrüfatlarının payına düşüb. Hesabat dövründə ev təsərrüfatlarına verilmiş kreditlərin həcmi 20 milyard 341 milyon manat təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 369 milyon manat və ya 13,2% çoxdur.
Sektorlar üzrə kredit qoyuluşlarında ticarət və xidmət sahəsi 4 milyard 490 milyon manatla növbəti böyük paya sahib olub.
Nəqliyyat və rabitə sektoruna kredit qoyuluşları 2 milyard 512 milyon manat, inşaat və tikinti sektoruna 2 milyard 561 milyon manat, sənaye və istehsal sektoruna isə 1 milyard 652 milyon manat təşkil edib.
Mədənçıxarma və elektrik enerjisi, qaz, buxar və su təsərrüfatına 553,6 milyon manat, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoruna isə 512,8 milyon manat kredit qoyulub.


