Elçin Qədimov AIREX 2026-da premium yaşayış və lüks layihələrin gələcəyini müzakirə edəcək

Elçin Qədimov AIREX 2026-da premium yaşayış və lüks layihələrin gələcəyini müzakirə edəcək

PASHA Real Estate Group-un baş kommersiya direktoru və beynəlxalq layihələr üzrə baş icraçı direktoru Elçin Qədimov AIREX 2026 sərgisi çərçivəsində keçiriləcək panel müzakirəsində iştirak edəcək.

Bu barədə sərginin təşkilat komitəsi məlumat yayıb.

Bildirilib ki, noyabrın 5-də keçiriləcək panel müzakirəsi “Brendli rezidensiyalar və lüks layihələr: premium yaşayışı yenidən müəyyənləşdirmək yarışı” mövzusuna həsr olunacaq.

Elçin Qədimov kommersiya strategiyası, bankçılıq və beynəlxalq layihələrin inkişafı sahələrində geniş rəhbərlik təcrübəsinə malikdir. O, PASHA Real Estate Group-da kommersiya strategiyasına, qrupun fəaliyyət göstərdiyi bütün ölkələrdə yaşayış əmlaklarının satışına və beynəlxalq bazarlarda genişlənmə proseslərinə rəhbərlik edir.

Onun fəaliyyətində yüksək keyfiyyətli daşınmaz əmlak layihələri vasitəsilə uzunmüddətli dəyərin yaradılması, dayanıqlı inkişafın dəstəklənməsi və şəhər həyatının standartlarının yüksəldilməsi əsas istiqamətlərdəndir.

Panel müzakirəsində brendli rezidensiyaların və lüks layihələrin premium yaşayış anlayışına təsiri, bu sahədəki yeniliklər və inkişaf perspektivləri ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Tədbir noyabrın 5-də saat 10:30-dan 11:15-dək Bakı Ekspo Mərkəzində keçiriləcək. İştirak ödənişsizdir.