İCMA üzvləri ilə DMA arasında əməkdaşlıq imkanları müzakirə olunub
27 oktyabr tarixində İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) üzvləri ilə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasovla işgüzar görüş keçirilib.
Görüş çərçivəsində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov Dövlət Məşğulluq Agentliyinin sahibkarlara təqdim etdiyi dəstək mexanizmləri, məşğulluğun təşviqi istiqamətində həyata keçirilən tədbirlər və əməkdaşlıq imkanları barədə məlumat verib.
Marsol Groupun təsisçisi və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri Tural Mustafayev çıxışında dövlət və biznes sektoru arasında əlaqələrin gücləndirilməsində B2G görüşlərin əhəmiyyətini vurğulayıb. O, həmçinin İCMA və Marsol Groupun bu istiqamətdə həyata keçirdiyi görüşlər, tədbirlər və layihələr barədə məlumat verərək sahibkarlarla dövlət qurumları arasında birbaşa ünsiyyətin vacibliyini qeyd edib.
Daha sonra sahibkarların sualları cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Marsol Group və İCMA tərəfindən Hasil Abbasova xatirə hədiyyəsi təqdim olunub.
Bu kimi görüşlər sahibkarların dövlət qurumları ilə əməkdaşlıq imkanlarının genişləndirilməsinə, mövcud dəstək mexanizmləri barədə məlumatlılığın artırılmasına və biznes mühitinin inkişafına töhfə verir.



