Azərbaycanın yaşıl enerji gündəliyində Çinin rolu - RƏY

Azərbaycan ilə Çin arasında əməkdaşlığın yeni və strateji istiqamətlərindən biri də bərpaolunan enerji sahəsində qurulan tərəfdaşlıqdır.
Bu sahədə ikitərəfli əməkdaşlıq son illərdə nəzərəçarpacaq dərəcədə genişlənmişdir. Bu günə qədər Çin şirkətləri Azərbaycan yaşıl enerji sektoruna sərmayə yatıran investorlarla birgə fəaliyyət göstərərək, əsasən podratçı qismində çıxış ediblər. Bu əməkdaşlığın nəticəsi olaraq, artıq 2030-cu ilə qədər icra mərhələsində olan müqavilələr çərçivəsində ölkəmiz 6500 meqavat gücündə bərpaolunan enerji istehsal etməyi planlaşdırır. Müqayisə üçün qeyd edək ki, hazırda Azərbaycanın ümumi quraşdırılmış enerji gücü təxminən 8000 meqavatdır. Bu o deməkdir ki, qarşıdakı beş il ərzində Azərbaycan elektrik enerjisi istehsalı gücünü ikiqat artıracaqdır. Qeyd edək ki, bu artım əsasən günəş və külək enerjisi hesabına olacaqdır.
Əlbəttə ki, bu strateji dəyişiklik ölkəmiz üçün həlledici əhəmiyyət daşıyır. Məlum olduğu kimi Azərbaycan artıq elektrik enerjisi istehsalında əsas resurs olan təbii qazdan istifadənin həcmini əhəmiyyətli dərəcədə azaldılmasını qarşıya məqsəd qoyub. Möhtərəm Prezident cənab İlham Əliyev Çinin nüfuzlu CGTN telekanalına müsahibəsində bir çox məqamlarla yanaşı ölkəmizin yaşıl enerşi siyasətindən ətraflı bəhs etdi. Bu gün yaşıl enerji gündəliyinin əsas prioritet istiqamətlərindən biri də ölkədə ictimai nəqliyyatın tamamilə ekoloji əsaslarla yenilənməsini əhatə edir. Məlum olduğu kimi ölkəmiz bu günə qədər 160 ədəd elektriklə işləyən avtobus alıb, əlavə 200 avtobus üçün podrat müqaviləsi bağlanılıb. 2025-ci ildən isə illik 500 elektrik avtobus istehsalı gücündə olan məhşur Çin brendi olan BYD ilə birgə istehsala başlanacaq. Bu layihə ilk növbədə paytaxt Bakının ictimai nəqliyyat sistemini, ardınca isə digər şəhərlərin nəqliyyat infrastrukturunu tamamilə yaşıl və ekoloji təmiz nəqliyyata keçirməyi hədəfləyir.
Azərbaycan ilə Çin arasında bu sahədə əməkdaşlıq üçün əslində nadir və strateji bir fürsət yaranmışdır. Çünki bu əməkdaşlıq, həm Azərbaycanın milli inkişaf strategiyasına, həm də Çin tərəfinin irəli sürdüyü yaşıl təşəbbüslərə tam şəkildə uyğundur.
Qulam Əsədov;
Neftçala rayonu, ziyalı