"Azsığorta"nın geriləməsi sürətlənir: gəlirləri, mənfəəti 2 dəfədən çox azalıb - HESABAT

"Azsığorta"nın geriləməsi sürətlənir: gəlirləri, mənfəəti 2 dəfədən çox azalıb - HESABAT

Azərbaycanın tanınmış sığorta şirkətlərindən olan "Azsığorta" 2021-ci ildə geriləyib, şirkətin gəlirləri və mənfəəti kəskin aşağı düşüb, aktivləri, hətta kapitalı kəskin azalıb.

BusinessTime xəbər verir ki, bu "Azsığorta"nın 2021-ci ilin nəticələri üzrə hesabatından məlum olur.

Hesabata əsasən 2021-ci ildə "Azsığorta"nın gəlirləri 5 milyon manat və ya 24% azalaraq 16,8 milyon manata enib, 2020-ci ildə isə bu göstərici 22 milyon manata çatırdı.

Ötən il şirkətin gəlirlərinin əsas hissəsi əməliyyat gəlirlərinin payına düşür – 12 630 min manat və ya bütün gəlirlərin 75%-i. Amma 2020-ci illə müqayisədə "Azsığorta"nın əməliyyat gəlirləri 4 milyon manat və ya 24% azalıb.

Şirkətin topladığı sığorta haqları isə 30% və ya 4,6 milyon manat azalaraq 15,6 milyon manatdan 11 milyon manata enib.

Ötən il "Azsığorta"nın investisiya gəlirləri də azalaraq 3 654 min manatdan 3 154 min manata enib – 14%-ə yaxın azalma.

2021-ci ildə "Azsığorta"nın xərclərində də kəskin azalma var. 2020-ci ildə 20 milyon manata yaxın olan xərclər 2021-ci ildə 16 milyon manata enib – azalma 20%.

Şirkətin ödənişlərində artım var – 2020-ci ildə sığorta ödənişlərinin həcmi təqribən 6 milyon manat – daha dəqiqi 5,95 milyon manat olduğu halda, 2021-ci ilin yekununda sığorta ödənişləri 7,37 milyon manata yüksəlib.

Əvəzində şirkətin təkrarsığortaçsıya ödədiyi sığorta haqlarında kəskin - 3,5 dəfə azalma var. 2020-ci ildə 5,4 milyon manata yaxın olan məbləğ 2021-ci ildə 1,5 milyon manata enib. Bu göstərici şirkətin qarşıladığı risklərin kəskin azaldığından xəbər verir.

Ötən il "Azsığorta" inzibati işlərdə də qənaətə başlayıb –2020-ci ildə ofis və işçilərə 7,06 milyon manat xərcləndiyi halda, 2021-ci ildə bu rəqəm 5,82 milyon manata enib.

Qənaətə baxmayaraq şirkətin mənfəətinin kəskin azalmasının qarşısını almaq mümkün olmayıb. 2021-ci ildə "Azsığorta"nın vergiyə qədərki mənfəəti 2,4 dəfə azalaraq 2,3 milyon manatdan 950 min manata enib.

Bu məbləğdən 189 min manatlıq vergi ödənişini nəzərə alanda, şirkət 2021-ci ili 758 min manat xalis mənfəətlə başa vurub. Bu 2020-ci illə müqayisədə 2,4 dəfə azdır, əvvəlki il şirkət 1,8 milyon manat mənfəət əldə etmişdi.

Ötən il "Azsığorta"nın kəskin kiçilməsi ilə yadda qalıb. Şirkətin aktivləri 36 milyon manat və ya 40% azalaraq 64 milyon manatdan 38 milyon manata enib.

"Kiçilmə" həm uzunmüddətli (37% azalma), həm də qısamüddətli (41% azalma) aktivləri əhatə edib. 

Ötən il "Azsığorta" əlində olan təqribən 2 milyon manatlıq uzunmüddətli qiymətli kağızları satıb.

Eyni zamanda qısamüddətli aktivlər sırasında olan 11,3 milyon manatlıq qeyri-dövlət qiymətli kağızları da satılıb. 

2021-ci ildə "Azsığorta"nın valyuta hesabı 10 milyon manat kasıblayıb – 2021-ci ilin əvvəlində 11,6 milyon manat olan hesabda indi 1,06 milyon manat pul var.

Depozit hesabındakı vəsaitlər isə 140 dəfə azalaraq 4,4 milyon manatdan 30 min manat düşüb.

Debitor borcları (yəni şirkətin alacaqları) isə 3 dəfə azalaraq 8,7 milyon manatdan 2,9 milyon manata enib.

Nəhayət, 2021-ci ildə "Azsığorta"nın kapitalı da təqribən 2 dəfə azalaraq 33,1 milyon manatdan 17,8 milyon manata enib. Şirkətin bölüşdürülməmiş mənfəəti 3 dəfədən çox azalaraq 12,8 milyon manatdan 3,8 milyon manata düşüb.

Nizamnamə kapitalı isə 20,3 milyon manatdan 14 milyon manata düşüb.