Beynəlxalq yükdaşımalarda artım müşahidə olunur

Beynəlxalq yükdaşımalarda artım müşahidə olunur

2020-ci ilin müvafiq dövrü ilə 2023-cü il göstəricilərinin müqayisəsi daşımalarda istifadə edilən nəqliyyat vasitələri parkının genişləndiyini, daşıyıcıların sayının, eləcə də Azərbaycana məxsus daşıyıcıların bazar paylarının daha da artdığını göstərir.

Bu sözləri Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) baş katibi vəzifəsini icra edən Kənan Qurbanov qurumun 2023-cü ilin yekun hesabatına həsr edilmiş tədbirdə bildirib.

Qeyd edilib ki, bazarın genişlənməsi sayəsində Azərbaycanın ikitərəfli daşımalar üzrə beynəlxalq avtomobil daşımaları bazarı 14 faiz böyüyüb.

“Azərbaycan beynəlxalq avtomobil daşımalarında iştirak edən nəqliyyat vasitələrinin sayı isə 11960 olub. 2021-ci ildə bu say təxminən 2400 təşkil edirdi. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə milli daşıyıcıların beynəlxalq bazarlarda payı 9 faiz artıb. Üçüncü ölkə daşımaları üzrə göstəricilərdə də artım dinamikası var. 2023-cü ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycan daşıyıcıları tərəfindən həyata keçirilən üçüncü ölkə daşımaları 2 dəfə artıb”, - deyə Kənan Qurbanov əlavə edib.