Biz Azərbaycan konkret layihələr təklif edirik
Tacikistan ilə Azərbaycan müxtəlif sahələrdə o cümlədən dağ-mədən yataqlarının işlənməsi sahəsində də əməkdaşlıq etmək imkanına malikdirlər və biz azərbaycanlı həmkarlarımızı bu sahədə birgə layihələrin hazırlanmasını təklif edirik.
Bu sözləri Tacikistanın sənaye və yeni texnologiyalar naziri Şerali Kabir Bakıda keçirilən Azərbaycan-Tacikistan biznes forumunda deyib. O bildirib ki, Tacikistan Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
“Dağ-mədən sektorunda Tacikistanda 800 filiz yatağından yalnız 100-ü istismar olunur. Biz Azərbaycan şirkətlərinə həyata keçirilməsi üçün konkret layihələr təklif edirik və ümid edirik ki, bugünkü biznes forumun nəticəsi olaraq müəyyən razılaşmalar əldə olunacaq”, - deyə tacik nazir vurğulayıb.
Nazir qeyd edib ki, iqlim dəyişikliyi məsələsi Tacikistan üçün də aktualdır. Tacikistanda elektrik enerjisinə olan tələbatın 95 faizi su elektrik stansiyalarında istehsal olunan enerji hesabına ödənilir: “Alternativ enerji istehsalı üçün Tacikistanın böyük potensialı var. Təbii şərait günəş, külək enerjisinin əldə olunmasına imkanlar verir. Azərbaycan şirkətləri bu sahələrə investisiya yatıra bilərlər”.
AZƏRTAC