İranın yanındayıq - Türkiyə Prezidenti
Keçirdiyi helikopter qəzasında vəfat etdiyini öyrəndiyimiz dəyərli həmkarım, qardaşım İran İslam Respublikasının Prezidenti hörmətli İbrahim Rəisiyə Uca Allahdan rəhmət diləyirəm. Mərhum Rəisi ilə eyni helikopterdə həyatını itirən İranın xarici işlər naziri və digər şəxslərə də Allahdan rəhmət diləyirəm. Başda İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei olmaqla dost və qardaş İran xalqına, hökumətinə, hörmətli Rəisinin və digər mərhumların ailələrinə ən dərin hisslərlə başsağlığı verirəm.
AZƏRTAC xəbər verir ki, bu ifadələr Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İran Prezidenti Seyid İbrahim Rəisi və ölkənin bir neçə rəsmi şəxsinin helikopter qəzasında faciəli şəkildə həlak olması ilə bağlı başsağlığı mesajında yer alıb.
“Vəzifədə olduğu müddətdə İran xalqının və bölgəmizin sülhü naminə göstərdiyi səylərin şəxsən şahidi olmuş bir həmkarı kimi Rəisini hörmət və minnətdarlıqla yad edirəm. Türkiyə olaraq, bu çətin və kədərli günlərdə də qonşumuz İranın yanındayıq”, - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.