BP və SOCAR Üstyurtda birgə fəaliyyət imkanlarını öyrənir

BP və SOCAR Üstyurtda birgə fəaliyyət imkanlarını öyrənir

BP şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanın Üstyurt bölgəsində birgə fəaliyyət imkanlarını öyrənir.

Bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni Kristofoli bu gün keçirilən mətbuat konfransında bildirib.

"Biz SOCAR-la birgə Özbəkistanın Üstyurt regionunda fəaliyyət barədə müzakirələr aparırıq. Əgər hər şey alınarsa, bu, bizə həmin layihə çərçivəsində uğurlu nəticə əldə etmək üçün SOCAR-la bacarıq və biliklərimizi birləşdirməyə imkan verəcək", - o bildirib.

С.Kristofoli vurğulayıb ki, hazırda yalnız müzakirələr aparılır.

Xatırladaq ki, 2025-ci il iyulun 24-də Özbəkistanın Energetika Nazirliyi, SOCAR və "Özbəkneftqaz" Üstyurt neft-qaz regionunun investisiya bloklarında (Boyterak, Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy) geoloji kəşfiyyat işlərinin aparılmasını və sonrakı karbohidrogen hasilatını nəzərdə tutan hasilatın pay bölgüsü sazişini imzalayıblar.

Eyni zamanda, dekabrın əvvəlində Daşkənddə geoloji kəşfiyyat və karbohidrogenlərin hasilatı ilə məşğul olacaq "Ustyurt Operating Company" birgə şirkətinin ofisi açılıb. SOCAR geoloji kəşfiyyat işlərinin aparılması mərhələsində operator qismində çıxış edəcək.

Sazişin şərtlərinə uyğun olaraq, ən azı min kv. km sahədə 3D seysmik kəşfiyyat işlərin aparılması və nəticələrə əsasən bir quyuda geoloji kəşfiyyat işlərinə başlanılması planlaşdırılır.

Proqnozlara görə, "Üstyurt" bloklarında 100 milyon ton neft və 35 milyard kubmetr təbii qaz ehtiyatı olan yataq tapıla bilər. Layihə işə salındıqdan sonra Üstyurt yaylasında ildə 5 milyon ton neft hasil etmək imkanının yaranacağı güman edilir. Layihəyə ümumi investisiya 2 milyard ABŞ dolları məbləğində qiymətləndirilir. (Report)