“FINCA Azerbaijan” 3 milyonluq istiqrazına 54 investor cəlb olundu
“FINCA Azerbaijan” MM QBKT Bakı Fond Birjasında 3 milyon manatlıq istiqraz emissiyasını tam yerləşdirib.
BusinessTime BFB-yə istinadən xəbər verir ki, sentyabrın 22-də keçirilən hərracda emissiyanın bütün həcminə sifariş daxil olub: 54 investor ümumilikdə 55 sifariş təqdim edib və 3 milyon manatlıq istiqrazın hamısı satılıb.
Emissiya hər birinin nominal dəyəri 100 manat olan 30 min istiqrazdan ibarətdir. Təmin edilməmiş, sənədsiz və adlı istiqrazların illik gəlirliliyi 15%, tədavül müddəti 18 aydır. Faizlər hər üç aydan bir ödəniləcək. Yerləşdirmə 100 manat qiymətlə baş tutub, anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
“FINCA Azerbaijan” baza emissiya prospektində kapital bazarından cəlb edilən vəsaitin əsasən kredit fəaliyyətinin genişləndirilməsinə yönəldiləcəyini bildirib. Vəsaitin mikro, kiçik və orta sahibkarlığın, eləcə də kənd təsərrüfatı kreditlərinin maliyyələşdirilməsi, kredit portfelinin artırılması və maliyyələşmə mənbələrinin şaxələndirilməsi üçün istifadəsi nəzərdə tutulur.
BOKT istiqraz yerləşdirməsini mənfəətin artdığı dövrdə həyata keçirir. “FINCA Azerbaijan” 2026-cı ilin ilk yarısını 998,5 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövründəki 813,2 min manatla müqayisədə 22,8% çoxdur. Faiz gəlirləri isə 2,4% azalaraq 10,1 milyon manat olub.
30 iyun 2026-cı il tarixinə “FINCA Azerbaijan”ın aktivləri illik 4,5% artaraq 75,3 milyon manata çatıb. Öhdəliklər təxminən 7% artaraq 56,9 milyon manat olub, kapital isə 1,9% azalaraq 18,5 milyon manat təşkil edib. Xalis kredit portfeli illik 5,1% azalaraq 60,9 milyon manata düşüb. Bununla yanaşı, BOKT-un pul vəsaitləri və banklardakı likvid yerləşdirmələri artıb.
“FINCA Azerbaijan” 1999-cu ildən Azərbaycanda hüquqi şəxs kimi fəaliyyət göstərir. Təşkilatın nizamnamə kapitalı 3,76 milyon manatdır və kapitalının 100%-i Niderlandda qeydiyyatdan keçmiş “FINCA Microfinance Coöperatief U.A.” şirkətinə məxsusdur.


