Bu il Azərbaycanda hotellərin gəlirləri azalıb: səbəbləri nədir? - ARAŞDIRMA

Bu il Azərbaycanda hotellərin gəlirləri azalıb: səbəbləri nədir?

Son dövrlər Azərbaycanda hotellər müştəri çatışmazlığı ilə üzləşib.

BusinessTime bildirir ki, iqtisadiyyat.az-ın apardığı araşdırmaya görə, bunun əsas səbəbi ölkəyə gələn xarici turistlərin sayının azalmasıdır.

Belə ki, regionda baş verən münaqişələr, xüsusilə Körfəz ölkələrindən Azərbaycana turist axınına mənfi təsir göstərib. Nəticədə bəzi hotellər müştəri cəlb etmək üçün endirim kampaniyalarına başlayıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin ilk yarısında Azərbaycana 189 ölkədən 1 milyon 92,6 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 28,1 %-i Rusiya, 21 %-i Türkiyə, 8,2 %-i İran, 4,9 %-i Gürcüstan, 4,6 %-i Qazaxıstan, 3,2 %-i Özbəkistan, 2,9 %-i Pakistan, 2,8 %-i Hindistan, 2,6 %-i İsrail, 2,4 %-i Çin, 1,8 %-i Səudiyyə Ərəbistanı, 1,6 %-i Ukrayna, 1,3 %-i Türkmənistan, hər birindən 1,1 % olmaqla Almaniya və Böyük Britaniya, 12,4 %-i digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub, 68,7 %-ni kişilər, 31,3 %-ni qadınlar təşkil edib. Son bir ildə körfəz ölkələrindən gələnlərin sayı 31,4 % azalaraq 127,7 min nəfər, digər ölkələrdən gələnlərin sayı 14,1 % azalaraq 480,1 min nəfər təşkil edib. Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,1 %-i hava, 27,5 %-i dəmir yolu və avtomobil, 1,4 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Mövzu ilə bağlı İqtisadiyyat.az-a danışan Skal International Baku təşkilatının baş katibi Cavid Seyidov bildirib ki, hotellərin gəlirlərinin aşağı düşməsinin səbəbi ölkədaxili turizmdə deyil, xaricdən gələn turistlərin sayındakı azalmadadır.


Onun sözlərinə görə, Azərbaycan tərəfdən turizmlə bağlı ciddi problem yoxdur. Əsas çətinlik xarici turist axınının azalması ilə bağlıdır: "Regionda baş verən münaqişələr turizm sektoruna ciddi təsir göstərir. Yerli turistlər ölkə daxilində səyahət etməyə davam edir, lakin sektoru gəlir baxımından dəstəkləyən əsas qüvvə xarici turistlər idi. Son bir il ərzində onların sayında ciddi azalma müşahidə olunur. Xarici turistlərin ölkədə xərclədiyi vəsait və turizm sektoruna qazandırdığı gəlir yerli turistlərlə müqayisədə xeyli yüksəkdir".

C.Seyidov bildirib ki, xarici turistlər Azərbaycana səfər zamanı hotel, restoran, alış-veriş və digər xidmətlərə daha çox vəsait xərcləyirlər:

"Yerli turistlər isə əsasən istirahət məqsədilə səyahət edir və xərcləri daha məhdud olur. Əvvəlki illərdə yay mövsümündə regionlardakı hotellərin doluluq səviyyəsi 95 faizə qədər yüksəlirdi. Hazırda isə bu göstərici əhəmiyyətli dərəcədə aşağı düşüb. Xüsusilə Bakıda fəaliyyət göstərən bəzi hotellər icarəyə verilir və ya fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalırlar. Dünyada baş verən hər hansı siyasi və ya hərbi gərginlik ilk növbədə turizm sektoruna təsir göstərir. Hotellər əsas gəlirlərini yay mövsümündə əldə edir və həmin vəsait hesabına ilin qalan hissəsində fəaliyyətlərini maliyyələşdirirlər. Bu il isə yay mövsümündən gözlənilən gəliri əldə etmək mümkün olmadı. İndi ümidlər gələn turist mövsümünə qalıb".

Mütəxəssis əlavə edib ki, turist sayının azalması fonunda hotellərin ilk reaksiyası qiymətləri endirmək olur. Lakin onun fikrincə, bu, problemi həll etmir:"Qiymət endirimi turist sayını artırmır. Hotellərin vahid qiymət strategiyasına ehtiyacı var. Hazırda bazarda ciddi ucuzlaşma müşahidə olunmur, eyni zamanda qiymət artımı da yoxdur. Əvvəlki illərdə yay mövsümündə qiymətlər 20-30 faiz artırdısa, bu il qiymətlər əsasən sabit qalıb və hotellər qiymət artımına getməyiblər".