Bu şəxslər 15 min manatadək cərimə oluna bilər

Bu şəxslər 15 min manatadək

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sahəsində qanunvericiliklə müəyyən edilmiş öhdəlikləri barədə məlumatlılığının artırılması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir.

Xidmətdən bildirilib ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq rieltorlar, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən şəxslər qanunvericiliklə müəyyən edilmiş hallarda öhdəlik daşıyan şəxslər hesab olunur və fəaliyyətlərini müvafiq tələblərə uyğun şəkildə təşkil etməlidirlər.

Qanunvericiliyə əsasən, öhdəlik daşıyan şəxslər tərəfindən daxili nəzarət sisteminin qurulması, müştərilərin eyniləşdirilməsi və verifikasiyası, institusional risklərin qiymətləndirilməsi, mürəkkəb və qeyri-adi əməliyyatların təhlili, şübhəli əməliyyatlar barədə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müvafiq məlumatların Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi və digər tədbirlər təmin olunmalıdır. Bu sahədə qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir. Qanunvericiliyin pozulması hallarında İnzibati Xətalar Məcəlləsinin 598-ci maddəsinə uyğun olaraq vəzifəli şəxslər 800 manatdan 1.500 manatadək, hüquqi şəxslər isə 8.000 manatdan 15.000 manatadək məbləğdə cərimə edilir.

Vergi ödəyicilərinin düzgün məlumatlandırılması və risklərin azaldılması məqsədilə müvafiq izahlı və metodiki materiallar, eləcə də aktual normativ hüquqi aktlar Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində mütəmadi olaraq yerləşdirilir. Vergi ödəyicilərinə təqdim olunan materiallarla tanış olmaq, fəaliyyətlərini mövcud tələblərə uyğun qurmaq və maliyyə sisteminin şəffaflığının təmin olunmasında fəal iştirak etmək tövsiyə olunur.

Dövlət Vergi Xidməti vergi ödəyicilərini pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliyin tələblərinə ciddi riayət etməyə və rəsmi mənbələrdə yayımlanan məlumatlardan müntəzəm faydalanmağa çağırır.