“Aztelekom” beynəlxalq konfransda iştirak edəcək
İnformasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, telekommunikasiya xidmətlərinə tələbatın müasir dövrün tələblərinə uyğun şəkildə təmin edilməsi məqsədilə müxtəlif genişmiqyaslı layihələr həyata keçirən “Aztelekom” MMC ölkədə ikinci dəfə keçirilən “GSMA M360 Eurasia 2024” beynəlxalq konfransında geniş formatda iştirak edəcək.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) verilən məlumata görə, RİNN-in dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə keçiriləcək tədbirdə mobil telekommunikasiya və rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərən dövlət və özəl qurumların rəhbər şəxsləri bir araya gələcək, generativ süni intellekt (Generative AI) və Rəqəmsal DNT (Digital DNA) mövzularında müzakirələr aparacaqlar.
Konfransda, həmçinin sənaye liderləri yeni nəsil şəbəkələr və kibertəhlükəsizlik, rəqəmsal dövrün transformasiya gücü, eləcə də MDB ölkələri və qonşu regionlarda davam edən bu keçidin daha da sürətləndirilməsi yollarından danışacaqlar. 60-dan çox spikerin çıxış edəcəyi tədbirdə ətraf mühit, sosial və idarəetmə prinsipləri gündəmə gətiriləcək. COP29 ərəfəsində rəqəmsallaşma prosesi və iqlim fəaliyyətinin bir-birinə təsiri, dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün tətbiq olunan texnoloji yeniliklər ətrafında fikir mübadiləsi aparılacaq.
Tədbir çərçivəsində “Aztelekom” MMC-nin baş direktoru vəzifəsini icra edən Tural Pirverdiyev “Bağlantının yenidən müəyyən edilməsi: Gələcəyə Hazır Şəbəkələrin Arxitekturası” sessiyasında çıxış edəcək.
Çıxışda şirkətin həyata keçirdiyi müxtəlif infrastruktur layihələri, o cümlədən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində Azərbaycanda telekommunikasiya infrastrukturunun yenilənməsi və müasir beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində həyata keçirilən işlərlə bağlı ətraflı məlumat veriləcək.
Petr Dvorak (“Vodafone Group”), Sunqmin Kim (“East Telecom”), Metyu Edvards (“TowerXchange”) və Sameh Naquibinin (AWS) də qatıldığı sessiya “Ubiquitous Wireless” şirkətinin texniki direktoru Vadim Poskakukhinin moderatorluğu ilə keçiriləcək.
Qeyd edək ki, ötən il Bakıda baş tutan tədbirə 29 fərqli ölkədən iştirakçılar qatılıb ki, onların 30 faizini telekommunikasiya sahəsində fəaliyyət göstərən müxtəlif şirkət və qurumların rəhbərləri, 45 faizini isə digər sahələrdə çalışan iştirakçılar təşkil edib. Bu il də tədbirin eyni miqyasda auditoriya toplaması gözlənilir.
15-16 mayda “JW Marriott Absheron Baku” mehmanxanasında baş tutacaq tədbirdə GSMA M360 Eurasia səhifəsində onlayn qeydiyyatdan keçməklə iştirak etmək olar.