Cari ildə pensiyalar bu qədər artıb – Nazir açıqladı
Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən siyasətə uyğun olaraq, əhalinin sosial rifahının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi, hər bir vətəndaşımıza layiqli həyat səviyyəsinin təmin edilməsi məqsədilə geniş islahatlar proqramı icra olunur və ardıcıl tədbirlər davam etdirilməkdədir.
İqtisadiyyat.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, son 7 ildə 4 mln. vətəndaşımızı əhatə edən 5 böyük sosial islahat zərfi icra edilmiş və bu islahatların illik əlavə maliyyə tutumu 7,6 milyard manat təşkil etmişdir:
“Cari ildə 5-ci sosial islahat zərfi çərçivəsində 1 yanvar tarixindən minimum əməkhaqqı 16% artırılaraq 400 manata, 1 fevral tarixindən isə minimum pensiya 14.3% artırılaraq 320 manata çatdırılmışdır.
Həmçinin, 1 iyul tarixindən sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin, 1 sentyabr tarixindən isə tələbə təqaüdlərinin məbləğləri artırılmışdır.
Eyni zamanda 1 yanvar tarixindən hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 10% artırılmışdır.
Ümumilikdə 5-ci sosial islahat paketi 1,9 milyon vətəndaşımızı əhatə etməklə, illik əlavə maliyyə yükü 885 milyon manat, əmək pensiyalarının ilin əvvəlində 8,1%-lik indeksasiyası ilə birlikdə isə illik əlavə maliyyə yükü 1 milyard 400 milyon manat təşkil etmişdir”.
Nazir bildirib ki, aparılmış islahatların nəticəsidir ki, cari ildə əhaliyə pensiya ödənişləri ötən illə müqayisədə 10%, pensiyaların orta məbləği isə 9% artaraq 540 manat, yaşa görə pensiyanın orta məbləği isə yenə də 9% artaraq 576 manat təşkil edib:
“Əhaliyə dövlət büdcəsi hesabına ödənilən müavinət, eləcə də Azərbaycan Respublikasının Prezidentinin təqaüdü xərcləri artımların tətbiq edildiyi ötən ilin müvafiq ayları ilə müqayisədə 12%-dən çox artmışdır”.

