Cəmiyyəti ayaqda saxlayan dəyər - Araz Əsgərli yazır

Cəmiyyəti ayaqda saxlayan dəyər

Biz adətən hüquqlarımız haqqında danışırıq. Təhsil almaq hüququmuzdan, yaşamaq hüququmuzdan, söz və fikir azadlığımızdan, sərbəst toplaşmaq, seçmək və seçilmək hüququmuzdan bəhs edirik. Haqlı olaraq bu hüquqların qorunmasını tələb edir, onların təmin olunmasını gözləyirik. Çünki insan hüquqları hər bir insanın ləyaqətli yaşamasının əsas şərtidir.

Ancaq hüquqlar haqqında danışarkən çox zaman bir vacib anlayışı diqqətdən kənarda qoyuruq: məsuliyyəti.

Halbuki hüquq və məsuliyyət bir-birindən ayrılmaz anlayışlardır. Hüququn olduğu yerdə məsuliyyət, azadlığın olduğu yerdə isə cavabdehlik olmalıdır. Əks halda nə hüquq öz mahiyyətini qoruyar, nə də cəmiyyətdə ədalətli münasibətlər formalaşa bilər.

Azərbaycan Respublikasının Konstitusiyası da məhz bu tarazlıq üzərində qurulub. Ana Qanunumuz insan hüquq və azadlıqlarını təsbit etməklə yanaşı, vətəndaşların vəzifələrini və məsuliyyətini də müəyyən edir. Konstitusiyanın 24-cü maddəsində göstərilir ki, insan ləyaqəti qorunur və ona hörmət edilir. Lakin insan hüquqlarının həyata keçirilməsi yalnız hüquqların tanınması ilə məhdudlaşmır. Hər bir şəxs öz hüquq və azadlıqlarından istifadə edərkən digər insanların hüquq və azadlıqlarına hörmət etməli, cəmiyyət və dövlət qarşısında üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir.

Təsadüfi deyil ki, Konstitusiyamızın 100-cü maddəsində məsuliyyət anlayışı ayrıca qeyd edilir. Bu norma mühüm bir hüquqi həqiqəti ifadə edir: heç kəs öz hərəkətlərinin nəticələrindən kənarda qala bilməz. Hüquqlar insanı azad etdiyi kimi, məsuliyyət də onu cəmiyyət qarşısında cavabdeh edir.
Bəs məsuliyyət nədir?

Məsuliyyət insanın öz davranışının nəticələrini dərk etməsi, həmin nəticələrə görə cavab verməyə hazır olması və qanunun, vicdanın, eləcə də cəmiyyətin müəyyən etdiyi qaydalara hörmətlə yanaşmasıdır.
Əslində, məsuliyyət yalnız qanun pozulduqdan sonra tətbiq edilən cəza deyil. Məsuliyyət daha çox insanın daxilində yaşayan bir dəyərdir. Qanuna əməl etməyi yalnız cəzadan qorxmaqla izah etmək mümkün deyil. İnsan işığını qırmızı işıqda saxlayanda, növbəsini gözləyəndə, vergisini ödəyəndə, ictimai əmlaka zərər vurmayanda, başqasının hüququna hörmətlə yanaşanda əslində məsuliyyət nümayiş etdirir.
Bu səbəbdən məsuliyyət ilk növbədə hüquqi deyil, mənəvi seçimdir. Hüquqi məsuliyyət isə həmin seçimin pozulduğu hallarda ortaya çıxır.

Hüquq sistemində məsuliyyətin müxtəlif formaları mövcuddur. Mülki məsuliyyət vurulmuş zərərin aradan qaldırılmasına, inzibati məsuliyyət ictimai qaydanın qorunmasına, intizam məsuliyyəti əmək və xidmət münasibətlərinin tənzimlənməsinə, cinayət məsuliyyəti isə cəmiyyət üçün təhlükəli əməllərin qarşısının alınmasına xidmət edir. Bu mexanizmlərin hər biri fərqli olsa da, məqsəd birdir – insan hüquqlarını, ictimai təhlükəsizliyi və ədaləti qorumaq.

Müasir demokratik cəmiyyətlərdə məsuliyyət yalnız dövlətin tələb etdiyi hüquqi öhdəlik deyil, həm də vətəndaşlıq mədəniyyətinin göstəricisidir. Hüquqlarını bilən insan güclü vətəndaşdır. Lakin həm də öz məsuliyyətini dərk edən insan etibarlı vətəndaşdır. Cəmiyyətin inkişafı məhz bu iki anlayışın vəhdətindən başlayır.

Bu gün sosial şəbəkədə yazdığımız bir fikir, ictimai nəqliyyatda nümayiş etdirdiyimiz bir davranış, yol hərəkətində qəbul etdiyimiz bir qərar, iş yerində verdiyimiz bir söz, ailədə göstərdiyimiz münasibət – bunların hər biri məsuliyyətlə bağlıdır. Bəzən bir söz insanların taleyinə təsir edir, bəzən bir hərəkət başqasının hüququnu qoruyur, bəzən də bir məsuliyyətsizlik uzun illər davam edən problemlərin başlanğıcına çevrilir.

Məhz buna görə insan hüquqlarının müdafiəsi yalnız hüquqların təbliği ilə məhdudlaşa bilməz. Hüquqi maarifləndirmə eyni zamanda insanlarda məsuliyyət hissinin formalaşdırılmasına xidmət etməlidir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının həyata keçirdiyi maarifləndirmə fəaliyyətlərinin əsas məqsədlərindən biri də cəmiyyətdə hüquq mədəniyyətini gücləndirmək, insanlara öz hüquqları ilə yanaşı, üzərlərinə düşən vəzifələri və məsuliyyətləri də anlatmaqdır.
Çünki hüquqlarını bilməyən insan onları müdafiə edə bilmədiyi kimi, məsuliyyətini dərk etməyən insan da başqalarının hüquqlarına hörmət etməyi bacarmır.

Əslində, güclü dövlətin, sağlam cəmiyyətin və ədalətli hüquq sisteminin təməlində qanunlardan əvvəl məsuliyyət dayanır. İnsanlar bir-birinə qarşı məsuliyyət hiss etdikdə ailələr möhkəmlənir, vətəndaşlar dövlət qarşısındakı öhdəliklərini yerinə yetirdikdə ictimai etimad artır, hüquqlara hörmət edildikdə isə insan ləyaqəti daha etibarlı qorunur.

Ona görə də məsuliyyət sadəcə hüquqi termin deyil. O, insanın öz vicdanı ilə cəmiyyət arasındakı görünməz körpüdür. Hüquqlarımızı qorumaq istəyiriksə, məsuliyyətimizi də dərk etməliyik. Çünki hüququn həqiqi gücü qanunların mətnində deyil, həmin qanunlara hörmət edən insanların davranışında yaşayır!

Araz Əsgərli
Ombudsman Aparatının mətbuat katibi