Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş müraciətlərinin yerində araşdırılması, əhalini narahat edən məsələlərin operativ həlli və yerlərdə idarəetmənin səmərəliliyinin artırılması məqsədilə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən iyunun 5-də Gənzə kəndində səyyar qəbul keçirilib. Görüşdə kənd sakinləri ilə yanaşı, İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.
Qəbulda çıxış edən İcra başçısı, ölkəmizin sosial-iqtisadi inkişafı və beynəlxalq aləmdə qazandığı uğurlar barədə ətraflı məlumat verib. Bildirilib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası regionda hərtərəfli inkişafın təmin olunmasında mühüm rol oynayır. Vurğulanıb ki, proqramın icrası çərçivəsində Ordubad rayonunun yol-nəqliyyat infrastrukturunun müasir texniki standartlara uyğun şəkildə bərpası, meliorasiya və su təsərrüfatı sistemlərinin modernləşdirilməsi, əhalinin sosial-iqtisadi rifah səviyyəsinin yüksəldilməsi, yeni məşğulluq imkanlarının formalaşdırılması, kənd təsərrüfatının, sahibkarlığın inkişafı prioritet istiqamətlər kimi müəyyən edilmişdir.
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" aqrar sektorunun yeni inkişaf mərhələsinə keçidini nəzərdə tutan mühüm strateji sənəd olmaqla kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılmasına, ərzaq təhlükəsizliyinin gücləndirilməsinə və ixracyönümlü istehsal modelinin formalaşdırılmasına xidmət edir. Həmçinin bildirilib ki, Prezident cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamının icrası çərçivəsində Ordubad rayonunda içməli və suvarma suyu təminatının əsaslı şəkildə yaxşılaşdırılması nəzərdə tutulur.
Daha sonra sakinlərlə kəndin ümumi məsələləri müzakirə olunub. Sakinlər tərəfindən qaldırılan məşğulluq, su xəttinin təmir olunması, artezian quyularının vurulması, elektrik və qaz təchizatının təkmilləşdirilməsi, kənddaxili bəzi yolların asfalt örtüyü ilə təchiz olunması və digər məsələlərlə bağlı səsləndirilən müraciət və təkliflər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər görülüb. Həlli müəyyən vaxt tələb edən müraciətlərin araşdırılması və qanunamüvafiq qaydada həlli üçün aidiyyəti qurumlara tapşırıqlar verilərək icrası nəzarətə götürülüb
Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.