“COP29 Azərbaycanın yeni uğuru” - ŞƏRH
Azərbaycan növbəti siyasi uğuru ilə bu günlərdə bir daha dünyanın diqqət mərkəzinə çevrilib. Ölkəmiz dünya dövlətlərinin etmad göstərdiyi beynəlxalq tədbirə-Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına layiqli şəkildə ev sahibliyi edir.
Konfrans Dubayda keçirdiyi ötən tədbirində 200 ölkənin yekdil qərarı ilə növbəti sessiyanın təşkilatçılığını Bakıya etimad etdi ki, bu da ölkəmizə daha geniş coğrafiyada beynəlxalq diqqətin artmasının nəticəsi olaraq qiymətləndirilir. Beləliklə paytaxt Bakımızda noyabr ayının 11-dən uğurla start verilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının növbəti mötəbər beynəlxalq tədbiri noyabrın 22-nə qədər davam edəcəkdir. Sözsüz ki, COP29-un Azərbaycanda keçirilməsinin ölkəmizin dünya dövlətləri arasında artan nüfuzuna dəlalət edir. Azərbaycan beynəlxalq arenada qiymətləndirilir, dünya miqyasında fəaliyyətinə hörmətlə yanaşılır. Bu son dərəcə qürurvericidir.
Çünki Respublikamız bəşəri əhəmiyyətli məsələlərin həllində uğurla iştirak edir və öz nailiyyətləri ilə bu istiqamətdə səylə çalışır. Əlbəttə ki, bu dövlətimizin dinamik iqtisadi tərəqqisi, ictimai-siyasi sistemin sabitliyi və diplomatiya sahəsində davamlı uğurlarından irəli gələn doğru istiqamətlənmiş uğurlu siyasətinin, üstün təcrübələrinin yüksək nəticəsidir. Göründüyü kimi Azərbaycan artıq qlobal miqyaslı beynəlxalq tədbirlərin mərkəzinə çevrilib. Bu, həm də respublikamızın bir daha özünün yüksək ənənələri ilə dünya səviyyəsində tanınmasına, eləcə də Vətən müharibəsindəki tarixi Qələbəmizin ardınca ölkəmizin böyük inkişaf və quruculuq zəfərlərini dünyanın nüfuzlu ölkələri və nümayəndələrinə təqdim etməsinə imkan yaradır. Beynəlxalq tədbirin prioriteti qlobal iqlim dəyişmələri olsa da, buradakı müzakirələr və konsensuslar ekoloji problemlər və iqtisadi məsələlərlə heç də çərçivələnmir, çoxşaxəli platformada istiqamətlənən əhəmiyyətli məsələlər də müzakirə edilir və hər bir üzv dövlətlərin də bu məsələlərə töhfə verməsi əsas məqsəd təşkil edir.
Bəli, dünya artıq iqlim dəyişikliklərinin yaratdığı ciddi problemlərlə qarşı-qarşıyadır. Bu da nəhayətində təbii fəlakətlərə, aclıq və yoxsulluğa, habelə dünyanı cənginə alan qarışıqlığa, müharibə və münaqişələrə də geniş yol açmışdır. COP29 ölkələrə yaşıl iqtisadiyyata keçid üçün inkişaf etməkdə olan ölkələrin inkişaf etmiş ölkələrdən maliyyə dəstəyi alması baxımından çox əhəmiyyətli bir platforma rolunu daşıyır. COP29-un müsbət nəticələrindən biri olaraq yeni iqlim maliyyəsi hədəfi üzrə tarixi razılaşmanın qeyd etmək olar. Belə ki, Azərbaycan tərəfindən irəli sürülmüş yeni təşəbbüslər tərəfdaş ölkələr tərəfindən qəbul olunmuş, hətta illərlə həlli uzanan bir-sıra məsələlərin müzakirəsi müsbət şəkildə nəticələnmişdir. Bəli, COP29 kimi nəhəng tədbir bütün dünyaya öz sözünü deyir. Bakı 196 ölkədən 72 min iştirakçını, nüfuzlu dövlət təmsilçiləri və liderlərini qonaqlayır. Bu göstərici özü belə ölkəmizin diplomatik səviyyədə böyük uğurundan xəbər verir. Lakin təəsüflə qeyd etmək lazımdır ki, Azərbaycan COP29-a ev sahibliyi edəcək ölkə olaraq seçildikdən sonra anti-Azərbaycan dairələrinin hədəfindən də yan keçməyib. Bu bir ildə həmin dairələrin qarayaxma kampaniyasının qara çarxı aktiv olaraq işini görür. Azərbaycan isə öz növbəsində bütün bu qüvvələrin intensiv anti-təbliğatına siyasi nüfuzu və diplomatik bacarığı ilə üstün şəkildə cavab verir. Ölkəmizin siyasi nüfuzu və COP29-a uğurla həyata keçirdiyi təşkilatçılığı özü-özlüyündə belə dövlətimizə və xalqımıza qarşı aparılan və qarayaxma kampaniyasına sarsıdıcı siyasi zərbəsini vurur.
Avropanın Böyük Britaniya, İtaliya, İspaniya, Belçika, Danimarka, Finlandiya, Polşa, Yunanıstan, Çexiya, Xorvatiya, Serbiya, qardaş Türkiyə və tarixi, ənənələri ilə yaxın türk dövlətlərinin rəhbərlərinin, həmçinin Avropa İttifaqı Şurasının prezidentinin tədbirdə iştirakı bəzi təxribatçı ölkələr və siyasətçilərin apardığı qara niyyətli təbliğatı təmamilə puç etməyə bəs oldu. Möhtərəm Prezident cənab İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında həmin dairələrə aşağıdakı mesajla cavab verib: “Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”.
Cənab Prezident çıxışında həm də Azərbaycanın başladığı meqalayihələrdən bəhs edib. Məlumdur ki, Azərbaycan Şimal, Cənub, Qərb və Şərq qovuşduğu məkandır. Bu incə məqam Bövlət başçımızın bacarıqlı siyasəti ilə ölkəmizin inkişafı yolunda səmərəliliyini daha da artırır. Belə ki, Azərbaycanın başladığı meqalayihələr Avrasiyada enerji və daşımalar yollarını dəyişib, çoxtərəfli məhsuldar əməkdaşlıq formatının qurulmasına şərait yaradıb. Cənab İlham Əliyev bu istiqamətli çıxışında, həm də qeyd edərək demişdir: “Qara dənizin dibi ilə enerji kabelinin texniki əsaslandırma işləri bu yaxınlarda bitəcək. Bunun sayəsində biz yaşıl enerjini Avropaya nəql edəcəyik. Bu, yalnız başlanğıcdır”. Bir çox siyasilərin də qeyd etdiyi kimi dünyada çox az ölkə var ki, Azərbaycanın iqlim dəyişmələri ilə bağlı etdiklərini həyata keçirə bilsin.
Amma Azərbaycan xəritə üzərində kiçik görünməyinə baxmayaraq bir-çox sahələrdə olduğu kimi yaşıl enerji istiqamətində də əhəmiyyətli işlərin öhdəsindən gəlməyə çalışır, öz xoş niyyətini ortaya qoyur. Tədbir çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan tərəfindən Xəzər dənizi boyunca bərpa olunan enerjinin inkişafı və ötürülməsi ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Yeni "yaşıl enerji dəhlizi"nə töhfə olan bu layihə həmçinin Qara dəniz enerji kabeli ilə də əlaqələndiriləcək.
Bu COP29-un regional və transregional səviyyədə mühüm nəticələrindən biri olaraq tarixdə qalacaqdır. İnanırıq ki, Azərbaycanın uğurla başladığı COP29 uğurla da başa çatacaq və bu mötəbər tədbirin nəticələrindən əldə olunan xoş təəsuratlar xoş niyyətlə də davam edəcək, Beləcə COP29 Azərbaycanın təşkilatçılığı və sədrliyi ilə inkişaf etmiş və inkişaf edən ölkələr arasında mühüm razılaşmalarının həyata keçirilməsinə öz töhfəsini verəcəkdir.
Nəzakət Quluqızı;
Neftçala rayonu, ictimai fəal