“Dağıstan” gəmi-bərəsi əsaslı təmir edilib

“Dağıstan” gəmi-bərəsi əsaslı təmir edilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Dağıstan” gəmi-bərəsi əsaslı təmir edilib.

ASCO-dan bildirilib ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri qısa müddətdə və yüksək keyfiyyətlə görülüb.

Baş və köməkçi mühərriklərin əsaslı təmiri ilə yanaşı, gəmi üzrə gövdə-qaynaq, boru, elektrik-quraşdırma və avtomatika işləri yerinə yetirilib. Həmçinin gəmi mexanizmlərinin (nasosların, separator, kompressor) təmiri aparılıb.

“Dağıstan” gəmi-bərəsində komanda-yayım qurğusu, sürətölçən laq qurğusu əsaslı təmir olunub, iki ədəd stasionar UQD radiostansiya üçün anten quraşdırılıb. Həmçinin radionaviqasiyaya aid avadanlıqlar yoxlanılıb və təmir olunub.

Eyni zamanda, “Dağıstan” gəmisinin sualtı və suüstü hissəsi, baş göyərtəsi, maşın şöbəsi və üst qurumu təmizlənərək rənglənib, heyətin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir edilib.

Dəniz sınaq yoxlamasından uğurla çıxan gəmi-bərə yenidən istismara qaytarılıb.